İran dünya bazarında neftin qiymətinin aşağı düşməsinə qarşı tədbir görülməsi məqsədilə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) fövqəladə yığıncağını çağırıb.
313news.net-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın Neft Nazirliyi yerli mətbuata açıqlama yayıb. Xəbərdə bildirilir ki, OPEC-ə üzv ölkələrin son yığıncağında neftin barelinin 100 dolladan aşağı düşməsi vəziyyətində lazımi tədbirlər görmək üçün yenidən bir araya gəlmək qərarı alınıb: “İndiki durumda hasilatçı ölkələr kvota həddini aşmamalıdırlar. Çünki OPEC-ə üzv olan bütün ölkələr tarazlığın qorunması məsələsində razılığa gəliblər. Ona görə də öhdəliklər yerinə yetirilməlidir. Dünya bazarlarındakı neftin qiymətlərində sadəcə tələbə uyğun olaraq yay aylarında artma-azalma müşahidə olunmaqdadır”. Məlumatda gündəlik 30 milyon barel həcmində neft istehsalı kvotasına əməl ediləcəyi təqdirdə dünya bazarlarındakı qiymət tarazlığının təmin olunacağı vurğulanıb.