Analitika və müsahibə » Hacı Şahin Həsənlidən "Məbəs" təbriki

Məbəs bayramı islam təqvimində ən böyük və dəyərli bayramlardan biridir. Məbəs günü – İslam Peyğəmbərinə (s) peyğəmbərlik verildiyi bir gündür

Bu barədə SalamNews–a ilahiyatçı Hacı Şahin Həsənli, Məbəsin dəyər və əhəmiyyətini açıqlayarkən bildirib.

O deyib: “Məhəmməd Peyğəmbər (s) mağarada ibadət edərkən ona “Ələq” surəsinin ilk ayəsi nazil olub: “Yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!”. Beləliklə, Peyğəmbər öz dəvətinə başlayır. Məkkənin küçələrində insanlara “La ilahə illallah” söyləyin, nicat tapın" deyə səslənir və ilkin zamanlar ardıcılları az olan Peyğəmbər çox böyük təhdidlərlə qarşılaşır. Amma, qısa bir zamanda onun təlimi və dəvəti bütün Ərəbistan ərazisinə, ondan sonra da dünyaya yayılır”.

Hacı Şahin xüsusi olaraq vurğulayıb ki, o zaman Peyğəmbəri (s) məzxərəyə qoyan, təhqir edən bədəvi ərəblər, o cümlədən Allahın elçisinə (s) kəskin şəkildə müxalif olan və mübarizəyə qalxan insanlar ehtimal belə edə bilməzdilər ki, bir gün gələcək, bu təlimin ardıcıllarının sayı bir milyarddan çox olacaq və bu din bütün dünyaya yayılacaq.

O deyib: “Bu gün dünyanın elə bir yeri yoxdur ki, orada Peyğəmbərin (s) təlimi yayılmasın və islam dini orada geniş təbliğ olunmasın. Hazırda dünyada ən sürətlə yayılan din məhz islamdır. Bunun da əsas səbəblərindən biri sağlam düşüncəyə, elmə önəm verməsidir. Bildiyimiz kimi Quranın ilk nazil olan ayəsi “Oxu!” kəlməsi ilə başlayır. Yəni islam öz dəvətini elm oxumağa, zülmətdən nura çıxmağa dəvətlə başlayır”.

Bu dinin yayılmasında ən əsas vasitələrdən biri Peyğəmbərimizin (s) gözəl əxlaqı olduğunu qeyd edən ilahiyyatçı bildirib ki, Allah Rəsulunu Quranda tərif edərkən, onun əzəmətli, böyük əxlaqa sahib olduğunu vurğulayır: “Məhz bu iki amil – İslamın elmə önəm verməsi və Peyğəmbərimizin (s) gözəl əxlaqı səbəb oldu ki, bu din dünyaya yayıldı və bu gün də yayılmaqdadır”.

İlahiyyatçı bu mübarək gün münasibəti ilə həmçinin dünya müsəlmanlarına müraciət edib: “Bütün müsəlmanları, xüsusən də Azərbaycan xalqını bu gözəl bayram münasibəti ilə təbrik edirəm və arzu edirəm ki, Peyğəmbərimizin (s) təlimlərini mənimsəyən şəxslərdən olaq. Bütün müsəlmanlara islam dininin dəvətini dünyada yaymaqda müvəffəqiyyət diləyirəm”.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!