
Görüşdə Dağlıq Qarabağ münaqişəsi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
 
H. Klintonun Azərbaycana növbəti səfərindən  məmnunluğunu bildirən dövlət başçısı bunu ölkələr arasında dostluq və  tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Azərbaycanla  ABŞ arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi  islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq  məsələlərinə toxunan prezident ikitərəfli əlaqələrin uğurla inkişaf  etdiyini bildirib.
 
 Öz növbəsində, H. Klinton yenidən Bakıya səfərindən və ikitərəfli  əlaqələrlə bağlı Azərbaycan prezidenti ilə məsləhətləşməkdən məmnun  olduğunu deyib. Xanım Klinton Azərbaycan prezidentinin NATO-nun Çikaqo  sammitində iştirakının önəmini qeyd edib. 
 
 Ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq etməsinin əhəmiyyətini  vurğulayan ABŞ-ın dövlət katibi ölkəsinin Azərbaycanla sıx və strateji  tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla vurğulayıb. O,  Azərbaycanın regionda mühüm rolunu qeyd edib. Xanım Klinton ikitərəfli  münasibətlərin inkişafı ilə bağlı müzakirə ediləcək məsələlərin geniş  gündəliyə malik olduğunu deyib.
 
 Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama  salınması, ölkələrimizin enerji və digər sahələrdə əməkdaşlığının  genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi  aparılıb.
 
 Sonra Azərbaycan prezidenti İlham Əliyevin adından ABŞ-ın dövlət katibi Hillari Klintonun şərəfinə lanç verilib.