
“İranda milyonlarla azərbaycanlının dini lider kimi qəbul etdiyi din xadiminin burda bu şəkildə tənqid və təhqir olunması milli maraqlarımıza ziddir və düzgün deyil”
APA-nın   məlumatına görə, bunu AXCP sədri Əli Kərimli İctimai Palatanın (İP)  Koordinasiya Şurasının (KŞ) yerli və xarici jurnalistlər üçün keçirdiyi  mətbuat konfransında deyib. 
 
 O bildirib ki, İranla Azərbaycan arasında əlaqələrin gərginləşməsi onu  narahat edir: “Azərbaycanla İran arasında obyektiv problemlər var.  Unutmaq lazım deyil ki, İran əhalisinin böyük hissəsi, 40 faizdən çoxu  türklərdir. Bunu İran rəsmiləri özləri bəyan edib”.
 
 Ə. Kərimli Xəzərin dibinin bölünməsi məsələsində də narazılıqlar  olduğunu deyib: “İctimai Palata Azərbaycanın gələcəyini Avropa ailəsində  görsə də, İran və Rusiya ilə də əlaqələrimizin normal olmasını  istəyirik”.
 
 Ə. Kərimli son vaxtlar münasibətlərin süni şəkildə gərginləşdirilməsi  cəhdlərinin artdığını vurğulayıb: “Münasibətlərin gərginləşməsi heç bir  ölkənin xeyrinə deyil. Şəxsi məsələlərlə bağlı iki ölkə arasında  gərginlik yaradılması da düzgün deyil”.
 
 Müsavat başqanı İsa Qəmbər isə qeyd edib ki, İranın Azərbaycanla  münasibətində ilk növbədə nəzərə alınmalıdır ki, bu ölkədə yaşayan  azərbaycanlılar azlıq deyil: “İran hakimiyyətindəkilər isə başa düşürlər  ki, Şimali Azərbaycanın inkişafı, dünyaya inteqrasiyası İrandakı rejimə  mənfi təsir edə bilər”.
 
 İsa Qəmbərin fikrincə, İran Azərbaycanı zəif halqa hesab edərək, bu  hücumları davam etdirməklə öz əzəmətini nümayiş etdirməyə çalışır.