
"Canım atam və anam, məndən sarı darıxmayın, inşallah, cənnətdə görüşəcəyik"
Anspress yazır ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun  doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar  rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev  adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci  ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi  xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi  hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini  2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki  işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir  rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu  ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə  başlayıb.
Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il  tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına  iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan  silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci  həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı  istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə  məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü  səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycan  Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz  Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının  (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu  ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün  qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə  verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz  Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə  aşağıdakılar qərara alınmışdır:
1. Azərbaycan Respublikasının  Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz  İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
"Azərbaycanın  Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 1040  nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alınmışdır:
Biləsuvar  Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi  ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Biləsuvar şəhərindəki  lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim  oğlu İbrahimovun adı verilsin.
"Palmali" Şirkətlər Qrupunun  prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli  Qəhrəmanı Mübariz İbrahimovun adını verib. Mübariz İbrahimovun adını  daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş"  gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi  hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında  tanıdır.
Bundan başqa, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və  "ANS" Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi  şəxsi fədakarlığa, Döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi  yüksək peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını  sübut etdiyinə, qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə  vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan  döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən  dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə  hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz  İbrahimovu “2010-cu ilin adamı” elan edib.
Şəhid Mübariz İbrahimovun ailəsinə son məktubu
"Canım  atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik.  Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür.  Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid  olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın.  Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq  yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm.  Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".