
Elşən Mustafaoğlu: “Demokratik dövlətlərin heç birində vahid forma və başqa bəhanələrlə inanclı şagirdlərin təhsil hüquqları pozulmur”
İlahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Human Rights Watch” təşkilatının hesabatı ilə bağlı açıqlamasının bir məqamına münasibət bildirib. Komitənin yanvarın 31-də yaydığı açıqlamada orta məktəblərdə hicab qadağası məsələsinə toxunulub: “Bütün demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında da vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz”.
Fevralın 1-də “Media forum”  saytına danışan ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu  deyib ki ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hicab qadağası  ilə bağlı açıqlaması həqiqəti əks etdirmir: “Orada ”bütün demokratik  dünyəvi dövlətlərdə" ifadəsi elə işlədilir ki, guya cəmiyyətimizin  dünya-aləmdən xəbəri yoxdur. Hamıya aydın məsələdir ki, bütün demokratik  dünyəvi dövlətlərdə, inkişaf etmiş və insan haqlarına ehtiram qoyulan  dövlətlərdə, o cümlədən ABŞ, Böyük Britaniya, Kanada, Norveç, İsveç,  İsveçrə, Almaniya, Hollandiya, Belçika, İrlandiya, İtaliya, İspaniya,  hətta qonşu Rusiyada belə hicablı şagirdlər sərbəst şəkildə məktəbə  gedir. Hətta bu ölkələrdən bəzilərində barəsində ağızdolusu danışılan  vahid məktəbli forması da var, amma elə bu halda da mütləq hicablı  şagirdlərin din və etiqad azadlıqları nəzərə alınır - hicaba icazə  verilir. Demokratik dünyəvi dövlətlərin heç birində heç bir halda nə  vahid forma, nə də başqa bəhanələrlə inanclı qızların təhsil hüquqları  pozulmur. Əksinə, bu dövlətlər digər vətəndaşlar kimi əhalinin inanclı  təbəqəsinin də hüquqlarını nəzərə alır və hicablıların sərbəst təhsil  alması üçün hər cür şərait yaradılır".
İlahiyyatçı rəsmi dövlət  qurumunun belə yanlış və həqiqəti təhrif edən bəyanatla çıxış etməsinə  təəssüfləndiyini bildirib: “Zənnimcə, Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin əsas vəzifələrindən biri dövlətlə inanclı vətəndaşlar  arasında körpü rolunu oynamaq, inanclı vətəndaşların problemini  dinləmək, onların həllinə çalışmaqdır. Bunun yerinə həqiqəti təhrif edib  ”bütün dünyada belədir" deməklə kimi aldadırıq? Niyə problemi həll  etmək əvəzinə dindarları bir az da qıcıqlandırırıq?
Bütün demokratik  dünyəvi dövlətlərdə hicablı şagirdlər hicabla dərsə gedirlər və bizdən  fərqli olaraq o ölkələrdə vahid məktəbli formasının tətbiqi vicdan  azadlığının pozulmasına bəhanə olmur. Hicab mütləq nəzərə alınır. Bizim  konstitusiyamızda bütün vətəndaşların təhsil haqqı tanınır və təmin  olunur - istər hicablının, istərsə hicabsızın. Heç bir qadağa  konstitusiyamıza zidd olaraq hicablı balalarımızın təhsil haqlarını  məhdudlaşdıra bilməz". /Yeni Musavat/