
Brüsseldə təşkilatın xarici işlər nazirlərinin görüşü olacaq
Avropa Birliyinin xarici işlər nazirləri bu gün Brüsseldə bir araya  gələrək İrana qarşı yeni sanksiyaların tətbiqi məsələsini müzakirə  edəcəklər. Ötən ilin noyabrında Beynəlxalq Atom Enerjisi Agentliyinin  İranın nüvə fəaliyyətinə dair hesabatı, İranın nüvə ambisiyalarından  dolayı artan narahatlıq, İranın yeni ildə raket sınaqları və Tehranın  Hörmüz boğazını bağlamaq hədələri  İrana qarşı sanksiyaların  sərtləşdirilməsi üçün əsas verib- "anspress" "euronews"a istinadən xəbər verir.
 
 Gözlənilir ki, Avropa Birliyi İran neftinin idxalına qadağa qoyacaq,  eləcə də İranın mərkəzi bankının fəaliyyətinə və qızıl ticarətinə  nəzarət məqsədilə əlavə tədbirlər görəcək.
 
 Xatırladaq ki, İrana qarşı analoji sanksiyaları ötən ay Amerika  Birləşmiş Ştatları tətbiq edib və müttəfiq ölkələri də bu nümunəyə əməl  etməyə və İrana qarşı təzyiqləri artırmağa çağırıb.