
Qondarma "erməni soyqırımı" ilə bağlı məsələ müzakirəyə çıxarılır
Bu gün Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə  cəza nəzərdə tutan qanun layihəsi müzakirə olunacaq. Milli.Az-ın Türkiyə  mətbuatına istinadən verdiyi məlumata görə, Fransadakı türklər səhər  saatlarında Senatın binası qarşısında aksiya keçirəcəklər. Ermənilərin  də eyni yerdə toplaşması gözlənilir.
Senatdakı müzakirələrdən  əvvəl Konstitusiya Komissiyası “erməni soyqırımı”na görə cəza nəzərdə  tutan qanun layihəsinin ölkənin əsas qanununa zidd olması barədə qərar  qəbul edib. Senatda qanun layihəsindən əvvəl komissiyanın qərarının  müzakirəsi gözlənilir. Əgər komissiyanın qərarı əsaslı hesab olunsa,  qanun layihəsi müzakir edilməyəcək.
Senatdakı təxmini qüvvələr  nisbəti artıq məlumdur. Az sayda mandata sahib olan radikal solçular,  yaşıllar və yeni mərkəzçilər qanun layihəsinin əleyhinə səs  verəcəklərini bəyan ediblər. Çoxluğa sahib olan sosialistlər və  iqtidardakı Xalq Hərəkatı İttifaqından olan senatorlar isə ikiyə  bölünüblər. Onların bəziləri qanun layihəsinin tərəfdarı olsalar da,  Türkiyə ilə Fransa arasındakı münasibətlərə daha çox önəm verənlər də  var.