
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Hüseyniyə”nin qeydiyyatının olmadığını açıqladı
Dünən komitənin mətbuat xidməti Yasamal “Hüseyniyə”si ilə bağlı məlumat  yayıb. Məlumatda qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci  Yasamal küçəsi, 37 ünvanda yerləşən Hüseyniyə (“Qurangah”) adlandırılan  ibadətxananın yerləşdiyi ərazi “Azərbaycan Karlar Cəmiyyətinin 4 saylı  Tədris-İstehsalat Müəssisəsinə məxsusdur. Və namazxana burada cəmiyyət  rəhbərliyinin razılığı olmadan fəaliyyət göstərib. Açıqlamada qeyd  olunur ki, cəmiyyətin prezidenti Tapdıq Xalıqov DQİDK-ya məktubla  müraciət edərək “Qurangah”ın yerləşdiyi sahənin cəmiyyətin balansında  olduğunu və ibadətxananın hər hansı sənəd olmadan fəaliyyət  göstərdiyini, hətta qarşısında nəzir qutuları quraşdırılaraq qanunsuz  pul əldə edildiyini bildirib. Sitat: “Məktubda qeyd olunmuşdur ki,  ”Azərbaycan Karlar Cəmiyyəti"nin Mərkəzi İdarəsinin nəzdində fəaliyyət  göstərən daimi komissiya dəfələrlə həmin əraziyə baxış keçirmiş,  “Qurangah” adlanan həmin sahənin qanunvericiliyin tələblərinə uyğun  olmasını təsdiq edən sənədlərin təqdim edilməsinin tələb olunmasına  baxmayaraq, sənədlər komissiyaya təqdim edilməmiş, həmin sahənin  fəaliyyətinin dayandırılmasına dair göstərişlərə məhəl qoyulmamışdır.  Müraciətdə “Qurangah”ın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun  olub-olmadığı ilə bağlı məlumat verilməsi xahiş olunmuşdur".
Açıqlamada  qeyd olunur ki, Dini Komitənin Azərbaycan Karlar Cəmiyyətinə cavab  məktubunda həmin ünvanda hər hansı dini icmanın dövlət qeydiyyatından  keçmədiyi və bu səbəbdən “Qurangah”ın fəaliyyətinin qanuna zidd olduğu  qeyd edilib: “Çünki ”Dini etiqad azadlığı haqqında" Azərbaycan  Respublikası Qanunun 12-ci maddəsinə əsasən, dini qurumlar yalnız  müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və  dini qurumların dövlət reyestrinə daxil edildikdən, həmin dini qurumlara  dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra  fəaliyyət göstərə bilərlər". /Yeni Müsavat/