
Rəsmi tərəf bildirir ki, burada vətəndaşların özləri günahkardır
Qonşu İran İslam Respublikasına getmək istəyən Azərbaycanın Biləsuvar  rayon sakinləri bir neçə gündür gömrük-sərhəd buraxılış məntəqəsindən  keçə bilmirlər. ANS TV-nin məlumatına görə, xırda ticarətlə məşğul olan  sakinlər üçüb son bir neçə gündə sərhədi keçmək problemə çevrilib.  Dolanışıqlarını ticarətlə təmin etdiklərini bildirən sakinlər deyir ki,  satmaq üçün İrandan ərzaq və qeyri-ərzaq məhsulları gətirərkən  çətinliklərlə qarşılaşırlar. 
 
 “Hər kəs İrandan 50 kq yük gətirmək imkanına malikdir. Bu qayda Nazirlər  Kabinetinin verdiyi sərəncama əsasən tətbiq edilir. Lakin gömrük  işçiləri insanlarla kobud rəftar edir və insanlara xırda alver edib,  dolanmağa imkan vermirlər”, - deyə Biləsuvar sakini Niyazi Mikayılov  bildirib.
 
 Məsələyə aydınlıq gətirmək üçün Dövlət Gömrük Komitəsinin Biləsuvar  Gömrük İdarəsinin rəsmisi Mirrafiq Mirsultanov şifahi olaraq bildirib  ki, gömrükdən keçirilən hər bir məhsulun mənşə, gigiyena və uyğunluq  sertifikatı olmalıdır. Eləcə də, gətirilən mallara görə rüsum  ödənilməlidir ki, o da ya nağd şəkildə banklara, ya da plastik kartlarla  post terminallar vasitəsilə həyata keçirilir. Lakin Mirrafiq  Mirsultanov ödənişə məhəl qoymayanların sonda qanunu özlərinə qarşı  məhdudiyyət kimi başa düşdüklərini deyir.