Analitika və müsahibə » İslam dünyasının iki böyük dövləti yeni tarix yazma ərəfəsində - TƏHLİL

Məlum olduğu kimi, Türkiyə XİN kapitanı Əhməd Davudoğlu yanvarın 4-5-də İranda işgüzar səfərdə olub

Səfər çərçivəsində Davudoğlu İran prezidenti, vitse-prezident, XİN rəhbəri və başqa rəsmilərlə görüşlər keçirib. Hələ səfər öncəsindən diqqəti özünə cəlb etməsinə rəğmən, hər iki ölkənin XİN kapitanlarının mətbuat konfransı daha diqqət çəkici oldu. Belə ki, verilən açıqlamalar İslam dünyasının iki nəhəng dövlətinin mühüm tarixi məsələlərdə razılığa gəlməsinə açıqca ifadə etdi.

 

Radar sisteminə gətirilən konkret aydınlıq

 

Davudoğlu mətbuat konfransında NATO-nun Türkiyədə quraşdırdığı raketdən müdafiə və radar sisteminə açıq-aydın mövqe ortaya qoydu: “Raketdən müdafiə sistemi və onun radar hissəsi tamamilə müdafiə xarakterlidir və NATO-nun uzun müddətdir davam edən təhlükəsizlik məsələlərinin tərkib hissəsidir. Bu işlər davam etdiyi bir vaxtda NATO toplantısında prezidentimiz çox açıq bir şəkildə mövqeyimizi ortaya qoydu. Biz Türkiyədəki hər hansı sistemin hər hansı bir qonşumuza qarşı istifadə edilməsinə heç bir tolerantlıq göstərməyəcəyik. Çox açıq və konkret söyləyirəm ki, bunun başqa bir ölkəyə qarşı olmaması istiqamətində Türkiyə qətiyyətini irəli sürüb və NATO-da belə bir konsepsiyanın yer almasına icazə verməmişdir”. Bununla da Davudoğlu bu yöndə olan bütün bəhanələrə və beyinlərdə olan bulanıqlığa aydınlıq gətirmiş oldu.

 

Ticari əlaqələrin inkişafı

 

Hər iki ölkənin XİN rəhbərlərinin ildə ən azı iki dəfə görüşmək şərtləşməsi və eyni zamanda ötən il az qala hər ay görüşlər keçirmələri hər iki ölkənin əməkdaşlığa verdiyi önəmdən xəbər verir. Məhz bu səbəbdəndir ki, həm Davudoğlu, həm də Salehi xarici ticarəti artıracaqları haqda açıqlamalar verdi. Bu il içində ticarət dövriyyəsinin 15 milyard dolları ötəcəyini qeyd edən XİN rəhbərləri, bu potensialın 30 milyard dollar olduğunu və bu istiqamətdə çalışdıqlarını da dilə gətiriblər. Bununla da Türkiyə İrana embarqo tətbiq edən ABŞ və Qərbə qarşı ciddi jest etmiş oldu.

 

Suriya məsələsində konsensus

 

Tərəflər öz açıqlamalarında regional məsələlərə də toxunublar. Regiondakı oyanışı mühüm bir hadisə kimi qiymətləndirən tərəflər, xalqların öz müqəddaratını özünün həll etməli olduğunu dilə gətiriblər. Davudoğlu bildirib ki, xalqların tələbləri xarici müdaxilə olunmadan həyata keçirilməlidir. Suriya məsələsində isə Davudoğlu bunları qeyd edib: “Suriya bizim dost və qardaş ölkə olaraq çox önəm verdiyimiz, regional sabitliyin onurğasını təşkil edən bir ölkədir. Artıq Suriyada da digər Şimali Afrika ölkələrində olduğu kimi, xalqın iradəsinin siyasət sisteminə təsirini görmək istəyirik. Bu məsələdə İranın rolu mühümdür. İranın bu məsələdə, xüsusilə Suriya hakimiyyətinə lazımı tövsiyələr edəcəyini düşünürük”. Həmçinin nazir Suriyada axan qanın dayandırılması istiqamətində Türkiyə və İranın məsuliyyət daşıdığını bildirib. Göründüyü kimi, regionda öz maraqlarına sahib olan ölkələrin istəklərinin ziddinə olaraq, Türkiyə və İran Suriya məsələsində konsensus əldə edib.

 

İraqı parçalanmadan xilas uğrunda

 

Məlum olduğu kimi, İraqdakı proseslər İslam dünyasını narahat edir. Ölkədə müxtəlif qruplar arasında qarşıdurmanı artıraraq, İraqı parçalamaq istəyi açıq-aydındır. Məhz bu təhlükənin aradan qaldırılması üçün Türkiyə və İran ciddi danışıqlar aparıb. Belə ki, Davudoğlu öz açıqlamalarında bildirib ki, İraqa bütün dəstəyimizi davam etdirəcəyik, Türkiyə və İranın bu məsələlərdə edə biləcəyi çox şey var. Davudoğlu həmçinin bildirib ki, İranla birlikdə Suriya və İraqda gedən prosesləri yaxından izləyirlər. Regiondakı proseslərin taleyi Türkiyə və İrandan çox asılıdır. Əgər hər iki ölkə regiondakı prosesləri kontrol altına ala bilsələr, kənar müdaxiləni önləyə bilərlər. Bu zaman sabitlik region üçün qaçılmaz olacaq.

 

Kamal HACILI

/Deyerler.org/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!