
"ATƏT-in Minsk qrupu toplananda, Fransanın qurumdakı təmsilçiliyi məsələsi müzakirə oluna bilər"
“Fransanın Avropa institutlarında, ATƏT-də, ATƏT-in Minsk qrupunda  iştirakı məsələsi ilə bağlı Türkiyə Prezidenti Abdullah Gül təkliflə  çıxış edib. Yəqin ki, Minsk qrupu toplananda bu məsələ müzakirə  olunacaq”, - Trend-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə bildirib.
Fransa  parlamentinin qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət  məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbul etməsinə münasibət  bildirən Həsənov deyib ki, bu bəzi dairələrin ermənilərdən türklərə  qarşı istifadə etmək vasitəsidir. Onun fikrincə, bu hadisə Avropanın  hazırkı inkişafı fonunda nonsensdir.
“Avropanın mərkəzində,  Avropanın ictimai həyat normalarını müəyyən edən ölkədə düşüncə  azadlığına görə insanları həbsə almaq, cərimə etmək orta əsr normalarına  cavab verir”, - PA rəsmisi deyib.
Ötən həftə Fransa parlamenti  qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini  nəzərdə tutan qanun layihəsini qəbul edib. Fransa parlamentinin 577  deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə,  7-si isə əleyhinə səs verib. Yeni qanun layihəsi qondarma “erməni  soyqırımı”nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə  cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.