Anspress xəbər verir ki, Qırğızıstanın Oş şəhərində, içərisində 95 sərnişinin və 6 heyət üzvünün olduğu “Tu–134” təyyarəsi qəzaya uğrayıb. Məlumatlara görə, hadisə yerli hava limanının eniş zolağına yaxın ərazidə qeydə alınıb. Qəza nəticəsində sərnişinlərdən 31-i müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölkənin paytaxtı Bişkekdən havaya qalxan təyyarənin Oş hava limanına enmək istəyərkən dumanlı hava şəraitinə düşdüyü və bununla da qəzaya uğradığı bildirilir.
Şahidlərin ilkin ifadəsinə əsasən, “Tu-134” təyyarəsi yerə bərk çırpılıb və onun qanadı qırılıb. Sonra isə təyyarə alovlanmağa başlayıb. Sərnişinlərdən biri təyyarənin uçuş üçün nəzərdə tutulmuş asfalt-beton yola enmədiyini bildirib: “Qəribə səslər eşidildi və təyyarə uçuş zolağından kənara, torpaq üzərinə eniş etdi. Onun qanadı torpağa dəydiyindən qopdu. Birdən yanğın baş verdi. Biz nəyin baş verdiyini başa düşə bilmirdik. Sonra qəza çıxışı qapıları açıldı və biz çölə qaçdıq”.
Qeyd edək ki iki mühərriki olan “Tu-134” reaktiv təyyarəsi əksər post sovet ölkələrinin mülki aviasiyasında geniş istifadə olunur.