
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bölgə dindarlarının, o cümlədən Azərbaycan müsəlmanlarının ümumi narahatlığını ifadə edərək Fransa prezidenti Nikolya Sarkoziyə və Fransa Senatının üzvlərinə müraciət ünvanlayıb
QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, müraciətdə deyilir: "Dünya tarixi təkcə inqilablar, müharibələr və elmi-texniki nailiyyətlər məcmusundan ibarət deyil. Təəssüf ki, insanlığın yaddaşında bəşərin ən ləyaqətsiz və ən qanlı vəhşiliklərini ehtiva edən genosidlər tarixi də var. Bəzən siyasətin, bəzən də dini radikalizmin təhriki ilə insanlar bir-birinə qarşı bağışlanmaz günahlar və cinayətlər ediblər.
Təəssüf ki, Avropa mədəniyyətinin mərkəzi, dünya demokratiyasının  beşiyi sayılan Fransanın Milli Assambleyası bu günlərdə son dərəcə  ziddiyyətli və təhlükəli bir qərara imza atıb. Söhbət "erməni  soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun  layihəsinin qəbulu istiqamətində atılan addımlardan gedir. Birmənalı  şəkildə bildiririk ki, erməni lobbisinin təhriki ilə Fransa Milli  Assambleyasının bir qrup üzvünün səs verdiyi bu qərar sülhün və ədalətin  möhkəmlənməsinə yox, tarixin saxtalaşdırılmasına, nifrətin  kəskinləşməsinə yönəlmiş təxribatdır. Qafqaz müsəlmanları bu qərarı  təkcə Türkiyə Cümhuriyyətinə qarşı deyil, həm də bütün türk dünyasına, o  cümlədən, Azərbaycana qarşı məqsədyönlü fitnəkarlıq kimi  qiymətləndirirlər.
Biz 2001-ci ildə Fransa uydurma erməni soyqırımını  rəsmən tanıyarkən də öz qəti etirazımızı bildirmişdik. İndi isə bu,  tarixi dəlillərlə isbatlanmayan  «soyqırımı» inkar edənlərə qarşı  qanunvericilik səviyyəsində cəzanın tətbiqi kimi absurd bir məsələnin  müzakirəsini qərəzli təəssübkeşlik kimi dəyərləndiririk".
Müraciətdə vurğulanır: "Bu qərarın təhlükəsi onun fəlakətli sonluğundadır, çünki mahiyyəti etibarilə türk-erməni münasibətlərində mübahisə mövzusu olan problem yalnız millətlərarası deyil, dinlərarası zəmində qarşıdurma müstəvisinə keçə, qlobal xristian-müsəlman toqquşmasına çevrilə bilər. Bəşəriyyətin qan yaddaşına münasibətdə də ikili yanaşmaya nümunə ola biləcək anti-türk məzmunlu bu qərar anti-müsəlman təbligatının tərkib hissəsi ola bilər. Xocalı soyqırımı öz ədalətli qiymətini bugünədək gözlədiyi halda Fransa parlamentinin belə bir addım atması, dolayısı ilə Ermənistanın işğalçı siyasətinə bəraət qazandırır, yeni genosidlərə, yeni təcavüzkarlıq aktlarına rəvac verir. Bu qərarın qəbulu Qafqazda həyati önəm kəsb edən sülh yolu ilə nizamlama proseslərinin taleyini də sual altına alır".
QMİ daha sonra bildirib: "Ümid edirik ki, milyonlarla insanın etirazı nəzərə alınacaq və Fransa dövləti bütün dünyaya həqiqət və ədalət ideallarına sədaqətini, sülhə xidmət niyyətlərini əyani nümayiş etdirəcəkdir. Bir din xadimi kimi bu növ qərarların acı fəsadlara səbəb olacağını əvvəlcədən duyur, Sizi və Senat üzvlərini bütün dünya dinlərinin təməl prinsiplərinə və ümumbəşəri dəyərlərə söykənərək haqqın və ədalətin tərəfində olmağa, müzakirələrə xitam verməyə, qərarı təsdiqləməməyə çağırıram".