
Ə.Həsənov: " Rəsmi Bakı İran ətrafında nüvə böhranı ilə bağlı yaranan problemin sülh yolu ilə həllinə ümid edir"
Qərb dövlətləri İrana müdaxilə edərlərsə, Azərbaycan ərazisindən   plasdarm kimi istifadəyə heç vaxt imkan verilməyəcək. Bunu İrandan  səfərdən yenicə qayıtmış Prezident Administrasiyasının (PA)  ictimai-siyasi şöbəsinin müdiri  Əli Həsənov deyib. 
 
 Onun sözlərinə görə, Azərbaycan ərazisindən İrana, İran ərazisindən isə  Azərbaycana qarşı istifadə yol verilməzdir. İranla daim dostluq və  qonşuluq münasibətlərinin olduğunu deyən PA rəsmisi vurğuladı ki,  Azərbaycan tərəfi istənilən qonşu dövlətin ərazisinə olan hərbi  müdaxilələrdən narahatdır. Eləcə də rəsmi Bakı İran ətrafında nüvə  böhranı ilə bağlı yaranan problemin sülh yolu ilə həllinə ümid edir.
 
 Qeyd edək ki, son zamanlar İranın nüvə proqramı və onun törədə biləcəyi  fəsadlar uzun müddətdir ki, beynəlxalq ictimaiyyət tərəfindən müzakirə  olunur. Qərb dövlətləri İrana qarşı tətbiq olunan sanksiyalara  alternativ yol kimi hərbi müdaxiləni istisna etmirlər. İrana qarşı olan  müdaxilələr isə qonşu dövlətlərə də təsirsiz ötüşməyəcək. Belə ki, bu  İrandan minlərlə insanın sərhəd  dövlətlərə üz tutması ilə  nəticələnəcək. Bu isə Türkiyə və Azərbaycanda humanitar problemlərlə  nəticələnə bilər.