
Sənədlər arasında Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövründə Vatikanla məktublaşmalar, missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları da var
Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti dekabrın 7-də Bakıya gətirilib. Bu barədə APA-ya  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun  tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib. 
 
 Onun sözlərinə görə, bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu,  Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana  məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən  dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar,  müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli  hesabatları və s. sənədlərdən ibarətdir: “Məxfi sənədlər ümumilkdə 1000  səhifə həcmindədir. Bunlar çox mühüm sənədlərdir. Bu sənədlər vasitəsilə  Azərbaycan tarixinin çoxlu gizli məqamlarına aydınlıq gətirmək mümkün  olacaq”.
 
 F. Ələkbərli deyib ki, məxfi sənədlər müxtəlif dillərdədir: “Onların  arasında monqol, türk, qədim uyğur, ərəb, latın, italyan dillərində  olanlar var. Həmin sənədləri araşdırmaq asan iş deyil. Bu, ən azı bir  neçə il vaxt aparacaq. Məktubların çoxu diplomatik məktublardır. Onları  tədqiq edəndə həmin dövrün tarixini, siyasi mühitini dərindən araşdırmaq  lazımdır. Bu işdə tarixçilər və müxtəlif dilləri bilən mütəxəssislər  iştirak etməlidirlər. Sənədlər tam tədqiq olunandan sonra dərc  ediləcək”.