
“İctimai Palatanın Koordinasiya Şurasının üzvlərinin yenidən seçilməsi üçün tezliklə seçki keçirilməlidir”
APA-nın  məlumatına görə, bunu İctimai Palatanın sessiyasında çıxışında qurum  üzvü, Milli Məclisin sabiq deputatı Pənah Hüseyn deyib. O bildirib ki,  seçki növbəti sessiyada baş tutmalıdır: “Dekabrın sonuna qədər sessiya  keçirilməsini təklif edirəm. Bu sessiyada fəaliyyətimizə də qiymət  verilməlidir”.
 
 P. Hüseyn İP-nin idarəçiliyində dəyişikliyə ehtiyac olduğunu vurğulayıb:  “Təklif edirəm ki, İctimai Palatanın Koordinasiya Şurasının İdarə  Heyəti yaradılsın və üzvlərin sayı 25 nəfər olsun. Həmçinin, regional  əlaqələndiricilər təyin edilsin. Bununla yanaşı, İctimai Palatanın  komissiyalarında qurum üzvlərin iştirakını nəzərdə tutan normativ akt  qəbul olunmalıdır”.
 
 P. Hüseyn onu da əlavə edib ki, İP hökumət qarşısında Məhərrəm ayında  Aşura gününün qeyri-iş günü kimi elan olunması təklifi ilə çıxış etməli  və bunun həllinə nail olmalıdır: “Bununla həmin inanca söykənən  milyonlarla insana ictimai şərait yaradılmış olar”.