
Sərbəst toplaşmaq azadlığı hüququnun pozulmasından şikayətçi olan Azərbaycan İslam Partiyası (AİP) Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
Partiyanın mətbuat xidmətinin rəhbəri Cavid Cabbarlı  açıqlamasında  deyib ki, etiraz aksiyasını sanksiyalaşdırması üçün meriyaya müraciət  edən təşkilat komitəsinin üzvləri - partiyanın sədr əvəzi Elçin Manafov,  sədrin birinci müavini İnqilab Əhədli, sədr müavini Rövşən Əhmədov  adından şikayət ərizəsi oktyabrın 26-da 1 saylı Bakı İnzibati-İqtisadi  Məhkəməsinə təqdim edilib.
İddia ərizəsində Bakı Şəhər İcra  Hakimiyyətinin sərbəst toplaşmaq azadlığı hüququnu pozduğu vurğulanır,  bu qurumdan partiyaya 5000 manat təzminat tutulması və meriyanın üzərinə  aksiya üçün münasib yerin ayrılması öhdəliyi qoyulması istənilir.Ötən  həftə Bakı Şəhər İcra Hakimiyyəti AİP-in paytaxtda keçirmək istədiyi  mitinqə yer ayırmaqdan imtina edib.
 AİP aksiyanı oktyabrın 22-də  keçirmək istəyirdi. Mitinqdə Dağlıq Qarabağ münaqişəsinin həll  olunmamasından narazılıq ifadə etmək, ölkədə islamofobiya hallarının  qarşısı alınması, məhbus partiya rəhbərləri və ruhanilərin azadlığa  buraxılması tələblərini səsləndirmək nəzərdə tutulurdu.
"Media forum"