"İslam faktoru olmasaydı heç bir ərəb ölkəsində inqilab baş verə bilməzdi"
Xəbər verdiyimiz kimi, WikiLeaks saytı Azərbaycanda dini vəziyyət, həmçinin 2008-ci ilin avqustunda Bakıda “Əbu Bəkr” məscidində törədilmiş partlayış və məscidin bağlanması ilə bağlı ABŞ səfirliyini teleqramlarını yayıb. Materiallarda əsasən Azərbaycanda fəaliyyət göstərən sələfi cərəyanı ilə bağlı məlumatlar, həmçinin bu camiənin imamı Qamət Süleymanovla səfirlik nümayəndələrinin görüşləri və sair məlumatlar qeyd olunub. Sənədlərdən o da bəlli olur ki, ABŞ səfirliyinin nümayəndələri Bakıdakı sələfi icmasının ünmayəndələri ilə aktiv təmasda olub.
Məsələn, məxfi teleqramlardan birində qeyd olunur ki, ABŞ səfiri Enn Dersi “Əbu Bəkr” məscidinin bağlanmasından sonra orada namaz qılanların bir hissəsi ilə “Ləzgi məscidi”ində görüşüb. Teleqramda göstərilir ki, görüşə gələnlərə “Ramin qardaş” kimi tanınan qeyri-formal lider rəhbərlik edib. Eyni zamanda səfirlik işçilərinin və eləcə də Amerikadan gələn nümayəndələrin icma liderləri ilə görüşləri olub.
Bu materiallarda maraq doğuran məqam ABŞ diplomatlarının Azərbaycandakı sələfi icması ilə yaxından maraqlanmasıdır. Səfirlik əməkdaşlarının keçirdiyi görüşlər, eyni zamanda səfirin məscidə gedərək icma üzvləri ilə görüşməsi bu camiəyə xüsusi diqqətin olmasına işarədir. Əcəba bu marağın səbəbi nədir? Qeyd edək ki, hələ bir neçə il əvvəl bir sıra ekspertlər Qərbin Azərbaycandakı sələfi icmasına olan diqqəti bir sıra səbəblərlə izah edirdilər. Bunlardan biri də Azərbaycanın İranla qonşu olması amili idi. Belə ki, ekspertlərə görə, Azərbaycanda əhalinin böyük əksəriyyətini şiələr təşkil etdiyindən İranın ölkəyə təsiri çox güclüdür. Eyni zamanda dindarların sayı artdıqca bu təsirin daha da güclənəcəyi ehtimal olunurdu. Bəzi ekspertlərə görə, Azərbaycanda sələfi camaatına xüsusi diqqətin arxasında dayanan səbəblərdən biri də budur.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə sələfilərin “vahhabi” olaraq adlandırılmasını və onların xüsusi olaraq hədəfə çıxarılmasını Rusiya kəşfiyyatının işi kimi qiymətləndirir. Politoloqa görə, Qafqazdakı sünni camaatı var: “Vəhabi təriqəti sülhsevər təriqətdi, əsasən Səudiyyə Ərəbistanında yerləşir. Ancaq necə ki, özbək milli hərəkatçılarına “basmaçılar”, “duşmanı” deyirdilər, indi də Qafqazda bu vəhhabi sözünü işlədirlər. qafqazda vəhhabi yoxdur, Qafqazda sünnilər və şiələr var. Sünnilərə vahhabi deyirlər və onları rus kəşfiyyatı terrorçu kimi təqdim edir”.
Politoloq ABŞ səfirliyinin Azərbaycandakı sünni icmaları ilə təmaslarını təbii qarşılayır. Ekspertin fikrincə, maraqlı ölkələrin kəşfiyyat qurumları ölkələrdəki güc mərkəzləri ilə həmişə təmas qurmağa çalışır. Bu baxımdan Ameriak diplomatlarının sünnilərlə təmasları təbiidir: “Amerika kəşfiyyatının sünnilərlə işləyirsə, bu tamamilə ağılabatandır. Çünki bütün kəşfiyyatlar təsirli qüvvələrlə əlaqə saxlamağa can atır və çalışır. Bu, tamamilə normaldır. Siz elə bilirsiniz rus kəşfiyyatı Azərbaycandakı sünni və ya şiə icmaları ilə işləmir? Siz elə bilirsiniz bizim hakimiyyət sünni və şiə icmaları ilə işləmir? Təbii ki, işləyir”.
Ancaq sabiq dövlət müşavirinin fikrincə, Azərbaycanda İslam dini möhkəmlənmə dövrünü yaşadığından İslamın siyasi proseslərə güclü təsiri yoxdur. Onun fikrincə, bunun üçün illər lazım olacaq: “İslam dini Azərbaycanda olduqca zəif, hüceyrə vəziyyətindədir. 70 illik sovet hakimiyyəti zamanı yıxılan İslam ənənələri hələ uzun müddət tam ayağa qalxa bilməyəcəkdir. Ancaq məsələn, ərəb ölkələrində İslam olduqca güclü bir faktordu. Əgər İslam olmasaydı bu ərəb inqilablarının heç biri olmayacaqdı. Ona görə ki, ərəb ölkələrində camaat hər həftənin 5-ci günü kütləvi şəkildə məscidə gedir. Məscidə getməsini hakimiyyət ona qadağan edə bilmir. Məsciddən də kütləvi surətdə küçələrə çıxırlar. Orda birləşib hökumət əleyhinə nümayişlər təşkil edirlər. Azərbaycanda bu mümkün deyil, çünki Azərbaycanda hələ xalqın hamısı məscidə getmir. Ona görə hesab edirəm ki, əgər amerikalılar bu haqda düşünürlərsə hələ tezdir”.
V.Quluzadəyə görə, İslam dini ərəb inqilablarının baş tutmasında mühüm faktordan biri olub: “İslam faktoru olmasaydı heç bir ərəb ölkəsində inqilab baş verə bilməzdi. Diktatorlar buna imkan verməzdilər. Ancaq hər Cümə günü müsəlman ölkələrində böyük izdihamlar olur, toquşşumlara olur. Əlcəzairdə vətəndaş müharibəsindən sonra ölkədə dinə qoyulan qadağaya cavab olaraq yeni hökumət ölkədə 1001 dənə məscid tikdirdi. Ancaq az keçmədi ki, keçirilən seçkilərdə islamçılar qələbə qazandılar. Və bundan sonra yüzminlərlə insanın həyatına son qoyan savaş başladı”. /Yeni Müsavat/