Azərbaycan və MDB » Azərbaycan cəbhə xəttində müdafiə divarı tikir

Məqsəd sakinləri erməni güllələrindən qorumaqdır

Təmas xəttində baş verən atışmalarda ən çox kəndlərin kənarında, yəni erməni mövqeləri istiqamətində yerləşən evlərə ziyan dəyir. Birbaşa düşmənlə üzbəüz olduğundan sipər rolunu oynayan bu evlərin damındakı, divarındakı güllə izləri də buna sübutdur. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, cəbhə xətttində yerləşən yaşayış məntəqələrində erməni mövqeləri istiqamətindəki həyətlərə dövlət vəsaiti hesabına 3 metr hündürlüyündə daş hasar çəkilir. Məqsəd sakinləri erməni güllələrindən qorumaqdır.

Tikinti işləri 7 ay əvvəl həyətlərində oynayarkən snayperlə vurulan 8 yaşlı Fariz Bədəlovun yaşadığı Ağdam rayonunun Orta Qərvənd kəndindən başlanıb. Artıq Farizin vurulduğu həyətin ətrafına hasar çəkilib. Nənəsi Məlahət Bədəlova üçün bu gecikmiş qərar olsa da, “Fariz öləndə hamı gəldi buranın vəziyyətini gördü. Bu gərək mənim balamdan qabaq olaydı. Ancaq yenə nəvəm, toyu olmayan oğlum var. Bəlkə onlar qorunarlar”, deyir

Tikinti işlərinə cəlb olunan işçi qüvvəsi də təmas xəttindəki həyət sahibləridir.

Ağdamın Çıraqlı kəndində də 700 metr uzunluğunda istinad divarları çəkilir. Bələdiyyə sədri Habil Abbasovun sözlərinə görə, divarların çəkilməsi əhalinin təhlükəsizliyini təmin etməklə yanaşı kənddə məskunlaşma problemini də həll edəcək.

“78 evin 24-də yaşayış yoxdur. O evlərdə yaşamaq mümkün deyil. O evlər erməni gülləsindən dağılıb. Bərpa agentliyi bu işləri başa çatdırandan sonra əhali evlərinə qayıdacaq. O evlərə də istinad divarları çəkiləcək ki, orada yaşamaq mümkün olsun. Hamı ilə danışıqlar aparılıb, hamı deyir ki, evlərimiz tikilərsə biz geri qayıdarıq”, deyə H. abbasov qeyd edib.

İstinad divarlarının tikintisi Ərazilərin Yenidən Qurulması və Bərpası Agentliyinin sifarişiylə aparılır. Agentliyin əməkdaşı Yusif Xasayevin sözlərinə görə, istinad divarları cəbhə xəttində yerləşən yaşayış məntəqələrinin infrastrukturunun yaxşılaşdırılması məqsədilə tərtib olunan dövlət proqramının bir hissəsidir. Proqramda müharibə zamanı dağılan evlərin, sosial obyektlərin, kommunikasiya xəttlərinin də bərpası nəzərdə tutulub.

Agentliyin texniki nəzarətçisi Yusif Xasayev işlərin sentyabrın sonunda başladığını, tez zamanda başa çatdırılacağını deyib. Sonra müharibədən zərərçəkən evlərin bərpası işləri davam etdiriləcək.

Ağdamla yanaşı yaxın günlərdə, Tərtər rayonunun Qapanlı və Qaradağlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində də ümumi uzunluğu 2700 m olan istinad divarlarının çəkilməsinə başlanacaq.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!