Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Siyasi Mərkəzinin nümayəndələri ilə “Azərbaycan: Avropa İttifaqı üçün getdikcə əhəmiyyəti artan tərəfdaş” mövzusunda görüşü olub.
Görüşü mərkəzin rəhbəri Hans Martens açıb. Azərbaycanda gedən uğurlu inkişafdan danışan natiq, ölkəmizin Avropa qurumları və Avropa İttifaqı ilə əlaqələrinin də müvəffəqiyyətlə genişləndiyini söyləyib. O bildirib ki, Azərbaycan Avropa Qonşuluq Siyasətində fəal iştirak edir və enerji sahəsində Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Hans Martens Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi vurğulayıb.
Azərbaycan Prezidenti çıxış edərək deyib ki, son beş ildə Azərbaycanda sürətli iqtisadi inkişaf gedir, təhsil, səhiyyə və digər sahələrdə uğurlu islahatlar həyata keçirilir: “İqtisadiyyatda özəl sektorun payı xeyli artıb, əlverişli biznes mühiti yaranıb, demokratikləşmə, qanunun aliliyi sahələrində də islahatlar aparılır. Dövlət bu işlərin görülməsində xalqdan dəstək alır. Azərbaycanda neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində tədbirlər görülür, transmilli enerji layihələrinin həyata keçirilməsi diqqətdə saxlanılır. Təsadüfi deyil ki, indi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Aparılan uğurlu iqtisadi siyasət beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı ölkə elan edib”.
Ölkəmizdə neft hasilatının getdikcə artdığını deyən Prezident İlham Əliyev Azərbaycanın tranzit imkanlarının da yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Azərbaycanın enerji siyasətində uğurlar əldə etdiyini və ölkəmizin Xəzərin karbohidrogen ehtiyatlarının Qərbə nəqlində böyük imkanlarının olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan yerləşdiyi bölgədə regional əməkdaşlığa böyük önəm verir: “Buna baxmayaraq, regionda hələ həllini tapmayan problemlər var. İyirmi ilə yaxındır ki, Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdir. Bunun nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar bu işğalı pisləyən qətnamələr qəbul etsə də, Ermənistan buna məhəl qoymur. Azərbaycanın mövqeyi qətidir. İşğal olunan ərazilər boşaldılmalı, məcburi köçkünlər doğma torpaqlarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.
Ölkəmizin xarici siyasətindən danışan dövlətimizin başçısı dedi ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı tərəfdaşlıq münasibətləri qurmaqda maraqlıdır. Avropa İttifaqı ilə də əlaqələr genişlənir.
Sonra Prezident İlham Əliyev suallara cavab verib. Dövlət başçısı bildirib ki, Ermənistan təkcə Dağlıq Qarabağı yox, onun ətrafındakı 7 rayonu da işğal edib və həmin ərazilərdəki infrastruktur məhv edilib. Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcək: “Münaqişənin yeganə həll yolu Ermənistanın işğal altında saxladığı torpaqları azad etməsidir. Bundan sonra Azərbaycan Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu verə bilər. İşğal siyasətinin sonu yoxdur”.
Ölkəmizin regiondakı mövqeyi ilə bağlı suala cavab verən dövlət başçısı deyib ki, Azərbaycan Xəzər hövzəsində geniş tranzit imkanlarına malikdir və bu imkanları bütün tərəfdaş ölkələrlə paylaşır. Azərbaycanın məqsədinin dünyada ən inkişaf etmiş ölkələrdən birinə çevrilmək olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, iqtisadi inkişafın nəticəsində son illərdə ölkədə 700 mindən çox yeni iş yeri yaradılıb, bununla da insanların rifah halı yaxşılaşmış, ölkəmizin maliyyə imkanları genişlənib.
Dövlət başçısı deyib ki, bir müddət öncə Azərbaycan qaz idxal edən ölkə idi. İndi isə ölkəmiz əsas qaz ixracatçılarından birinə çevrilib. Azərbaycan qazı hazırda Gürcüstana, Türkiyəyə, oradan da Avropa İttifaqı bazarına ixrac olunur.
Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində əməkdaşlıq Azərbaycana və Avropa İttifaqına fayda verəcək.
Türkiyə-Ermənistan əlaqələri ilə bağlı suala cavabında Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan heç bir dövlətin siyasətinə qarışmır. Amma məlumdur ki, Ermənistan-Türkiyə sərhədləri Azərbaycan ərazilərinin işğalına görə bağlanmışdı. Bu işğal indi də davam edir. /ANS PRESS/