Analitika və müsahibə » Zil-Qədə ayı nə vaxt başlayacaq?

Hicri-qəməri təqviminin 11-ci ayının başlayacağı gün ilə bağlı müəyyən ehtimallar var

Məlum olduğu kimi hicri-qəməri təqvimin ayları 29 ya 30 gün olur. Belə ki, əgər ayın 29-cu gününün sonunda yeni ayın hilalı gözlə (yaxud optik vasitələrlə) müşahidə olunsa, bu yeni hicri-qəməri ayın başlanğıcı deməkdir. Əgər müşahidə olunmasa, cari ay 30 gün çəkir.

Hal-hazırda Şəvval ayıdır və bu gün ayın 25-idir. Bu isə o deməkdir ki, ayın sonuna 4-5 gün qalır.

Yeni hicri ay məğrib vaxtı görünür və qısa müddət çəkir. Ayın göründüyü axşamın səhəri gün isə yeni hicri-ayın başlanğıcı hesab olunur. Tutaq ki, yeni Ayın hilalı sentyabrın 28-i günbatan vaxt göründüsə, bu o deməkdir ki, sentyabrın 29-u Zil-Qədə ayının 1-ci günüdür.

Dini təqvimlərdə zil-qədə ayının əvvəlinin sentyabrın 29-una təsadüf edəcəyi yazılır. Bu da təbii ki, qəti məlumat deyil və ehtimaldır.

313news.net-in "moonsighting" saytına istinadlı məlumatına görə, zil-qədə ayının dünya üzrə başlanması haqqında ilkin hesablamalar var.

Hesablamalara görə, sentyabrın 27-sində demək olar dünyanın heç bir yerində Ay görünə bilməz. Yalnız Cənubi Amerika materikinin bəzi ölkələrində-Argentina, Çili və s. ölkələrdə xüsusi optik vasitələrin köməyi ilə yeni Ayı görmək ehtimalı mövcuddur. Bu isə o deməkdir ki, sentyabrın 28-i zil-qədə ayının başlanğıcı ola bilməz.

Məlumata görə, sentyabrın 28-i isə dünyanın bir çox ölkələrində, o cümlədən Mərkəzi və Cənubi Amerikada, Avstraliyada, Yeni Zellandiyada, Mərkəzi və Cənubi Afrikada Ay asanlıqla adi gözlə müşahidə oluna biləcək. Cənub-şəriqi Asiya ölkələrində, həmçinin İndoneziyada Ayın müşahidə olunması çətin olacaq.

Elmi mərkəzin məlumatına görə, İran və İraqda optik vasitələrin köməyi ilə Ayın görünməsi mümkün olacaq. Azərbaycanda, həmçinin Türkiyədə Ayın görünməsi ethimal daha azdır və xüsusi optik vasitələrin köməyi ilə mümkün ola bilər. Pakistanda da vəziyyətin belə olacağı gözlənilir.

Səudiyyə Ərəbistanında, həmçinin Şimali Afrika ölkələrində (əgər hava şəraiti münasib olsa) yeni Ay görünəcək. Səudiyyə Ərəbistanının "Ümmul-Qura" təşkilatına istinad edilən məlumatlarda da belə qeyd edilir.

Sentyabrın 28-də Avropa ölkələrində, Rusiyada, həmçinin uzaq şərqdə (Yaponiya, Koreya və s.) Ayın görünməsi ehtimalı yoxdur və bu ölkələrdə zil-Qədə ayı sentyabrın 30-u başlamalıdır.

Sentyabrın 29-da isə bütün dünya ərazisində yeni Ayın hilalı asanlıqla görünəcək.

Yeni hicri ay məğrib vaxtı görünür və qısa müddət çəkir. Ayın göründüyü axşamın səhəri gün isə yeni hicri-ayın başlanğıcı hesab olunur.

Qeyd edək ki, bu məlumatlar elmi mərkəzlərə əsaslanır. Ən dəqiq məlumat isə Şəvval ayının 29-u axşam aparılacaq məlumatlara əsasən əldə olunacaq. Ona görə də yuxarıda qeyd etdiyimiz proqnozlar müctəhidlərin ofislərinin həmin gün verəcəkləri məlumatları şübhə altına almır.

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!