Analitika və müsahibə » Bu gün İmam Cəfər Sadiqin (ə.s) şəhadət günüdür

Bu gün, Şəvval ayının 25-i müsəlmanların 6-cı imamı – Cəfər Sadiqin (ə.s) şəhadət günüdür.

SalamNews-un məlumatına görə, İmam 83-cü hicri ilin Rəbül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya gəlib. Atası İmam Baqir (ə) şəhadətə yetişdikdə onun 34 yaşı olub və o zamandan 31 il ərzində müsəlmanlara imamlıq edib, Allahın nazil etdiyi Quranın buyuruqlarını bəşəriyyətə təbliğ etməyə çalışıb. Böyük fədakarlıq nəticəsində, imam Mədinədə o zamanlar üçün nəhəng tədris mərkəzi qurmağa nail olub. İmam Cəfər Sadiqin (ə.s) elmindən yararlanmaq üçün dünyanın müxtəlif guşələrindən insanlar Mədinəyə axışır, həqiqi İslam haqda, eləcə də digər dünyəvi fənlər üzrə bilgi alırdılar. Müxtəlif zamanlarda imamın 4 min tələbəsi olub, o, elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirib. İmam Sadiqin (ə.s) həyatı "İslam elmə qarşıdır" kimi sərsəm ideyaları irəli sürənlərə ən tutarlı cavablardan biridir.

İmam Cəfər Sadiq (ə.s) həqiqi İslamın tezislərini, Peyğəmbərin vəsiyyətlərini həyata keçirmək üçün böyük işlər görüb. Təsadüfi deyil ki, şiə məzhəbi həmçinin Cəfəri məzhəbi adlanır, bu yolun davamçılarına isə həm də "cəfərilər" deyilir.

Bəzən İslamı parçalamaq, müsəlmanlar arasında nifaq salmaq istəyən qüvvələr, həmçinin İslamdan, onun tarixindən bixəbər nadan müsəlmanlar İmam Cəfər Sadiq (ə.s) və İmam Hüseyni (ə.s) fərqli qütblərdə dayanan, fərqli ideyaların daşıyıcıları kimi təqdim edirlər. İmam Cəfər Sadiqi (ə.s) elm və mədəniyyət carçısı, sülh və əminamanlıq tərəfdarı kimi qələmə verir, İmam Hüseyni (ə.s) isə cihad və mübarizə, sücaət və mərdlik rəmzi kimi təqdim edirlər. Amma müsəlmanların hər 12 imamı Əhli-beytə (ə.s) mənsub olaraq, onun ayrılmaz və eyni əhəmiyyətli şaxələridir. Həmən o Əhli-beyt (ə.s) ki, Allah Quranda buyurduğu kimi, bütün çirkinliklıərdən uzaqdır. Heç şübhəsiz ki, Kərbəla imtahanı qarşısına çıxsaydı, İmam Cəfər Sadiq (ə.s) də ulu babasının yolunu gedərdi. Eləcə də Hüseyn (ə.s) hökmdar Haşim ibn Əbdülməlik və ya Yəzid ibn Vəlidin zamanında yaşasaydı, əsas diqqətini müsəlmanların maariflənməsinə yönəldərdi. Bir sözlə, İmam Cəfər Sadiq (ə) nə qədər "hüseynçidirsə, imam Hüseyn (ə.s) də bir o qədər "cəfəridir".

İmam Cəfər Sadiq (ə.s) hicri 148-ci ildə Şəvval ayının 25-də Abbasai xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid edilib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!