
“Ermənistan prezidentinin çıxışı ya Dağlıq Qarabağ münaqişəsindən xəbəri olmayanlara yönəlib, ya da daxili siyasətdə istifadə üçün nəzərdə tutulub”
“Bu gün yubiley iclası ilə bağlı  heç kimin kefini pozmaq istəməzdim, amma Ermənistan prezidentinin Dağlıq  Qarabağda situasiyaya dair çıxışı məni buna məcbur edir”. APA-nın  məlumatına görə, bu fikirləri Azərbaycanın baş naziri Artur Rasizadə  Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında deyib. 
 
 Baş nazir iclasda iki dəfə çıxış edib, buna səbəb ilk çıxışından sonra  Ermənistan prezidenti Serj Sərkisyanın verdiyi bəyanat olub. Sərkisyan  çıxışında Dağlıq Qarabağın 20 il bundan əvvəl müstəqilliyini elan  etdiyini bildirib. O deyib ki, Dağlıq Qarabağ xalqı öz müqəddəratını  təyinetmə hüququndan tam əsasla istifadə edib və özünün müstəqil yaşamaq  hüququnu qanı bahasına əldə edib. 
 
 Buna cavab olaraq söz alan Azərbaycanın baş naziri Artur Rasizadə  Ermənistan baş nazirinin sərt tənqid edib: “Düşünürəm ki, bu toplantıda  iştirak edənlərin əksəriyyəti Dağlıq Qarabağ problemi ilə az-çox  tanışdır və ümidvaram ki, bu çıxış Dağlıq Qarabağ probleminin  mahiyyətindən xəbərdar olmayanlara yönəlib, ya da daxili siyasətdə  istifadə üçün nəzərdə tutulub. Çıxışa diqqətlə qulaq asanda düşündüm ki,  bəlkə elə dövlət başçılarının toplantısında Dağlıq Qarabağın  müstəqilliyinə səs verək? Onda ATƏT-in Minsk Qrupu, digər təşəbbüslər  nəyə lazımdır? Məsələnin mahiyyəti ondan ibarətdir ki, bir tərəf – MDB  üzvü olan dövlət digər tərəfə təcavüz edib, onun ərazilərinin 20 faizini  işğal edib, nəticədə 1 milyondan çox qaçqın və məcburi köçkün yaranıb.  Bu faciə haqqında çox danışa bilərəm, amma yuxarıda qeyd etdiyim  səbəblərdən bunu etmək istəmirəm. Hesab edirəm ki, Ermənistan bir daha  bu ağır və həlli uzadılmış münaqişənin nizamlanması məsələsində növbəti  dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirmiş olub. Azərbaycan  münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə və  ədalətli şəkildə həllinə ümid edərək bundan sonra da ATƏT-in Minsk  Qrupunun apardığı prosesdə aktiv iştirak edəcək və digər təşəbbüsləri  dəstəkləyəcək”.