Müxalifət isə bunu "mənasız" adlandırıb
Suriya prezidenti Bəşər Əsəd ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı fərman imzalayaraq senzuranı ləğv edib. Yeni qanun hökuməti yerli jurnalistlər üçün qoyulan məhdudiyyətlərin çoxunu ləğv etmək və müstəqil xəbər agentliklərinin fəaliyyətinə icazə vermək səlahiyyəti ilə təmin edir. Sənəddə ən vacib prinsiplərdən biri kütləvi informasiya vasitələrinin müstəqil və azad olması, konstitusiya və qanun çərçivəsində fəaliyyətini həyata keçirməsi ilə bağlıdır. Eyni zamanda fərmanda qeyd olunur ki, jurnalistlər öz nəşrlərinə məsuliyyətlə yanaşmalı, dəqiq və obyektiv məlumat çatdırmalı, əldə edilən dəlillərdən qanuna müvafiq şəkildə istifadə etməlidir. Qeyd edək ki, Suriya hökuməti xarici jurnalistləri praktik olaraq ölkə ərazisinə buraxmır və vəziyyətin obyektiv dəyərləndirilməsini mahiyyətcə çətinləşdirir. Suriya müxalifəti isə Bəşər Əsədin bu vədini «boş sözlər» adlandırıb-"ANS PRESS" məlumat verir.
Bu arada Suriya Ərəb Ölkələri Liqasının ötən günki bəyənatına etiraz notası ilə cavab verib. Rəsmi Dəməşq təşkilatı diplomatik protokolu pozmaqda günahlandırıb və bəyənatını «əhəmiyyətsiz» adlandırıb.Qeyd edək ki, Ərəb Ölkələri Liqası Suriya rəhbərliyini ölkədə zorakılığa son qoymağa çağırmışdı.
Suriyanın hüquq müdafiəçilərinin verdiyi məlumata görə son iki gündə təhlkəsizlik qüvvələrinin açdığı atəş nəticəsində azı 4 nəfər ölüb. Onlardan ikisi şimaldakı İdlib əyalətində, biri Deraada, biri isə Dəməşq yaxınlığındakı Harast şəhərində öldürülüb.