Analitika və müsahibə » Hacı Şahin: "Vaxtında ibadətə başlamayanlar Allahdan bağışlanmağını diləməlidir"

"Məşhədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin müsahibəsini təqdim edirik

Mübarək Ramazan ayının orucu davam edir. Hər il olduğu kimi, möminlər sırasına bu il də həyatında ilk dəfə oruc tutan yüzlərlə insan qoşulub. Şübhəsiz ki, onlarda Ramazan ayının əməlləri ilə bağlı müəyyən suallar yaranır. SalamNews bunu nəzərə alaraq, Məşədi Dadaş məscidinin imam-cüməsi Hacı Şahin Həsənlidən bəzi şəri sulları cavablandırmağı xahiş edib.

- Hacı, orucu batil edən əməllər sırasında qatı tozu boğaza çatdırmaq da var. Qatı toz deyəndə nə nəzərdə tutulur?

- Bəli, qatı toz və qatı tüstü hissediləcək dərəcədə olarsa və udularsa, oruc batil sayılır. Avtomobillərin işlənmiş tüstüsü, siqaret tüstüsü də bu qəbildəndir - ciyərlərə çatan bu maddələr orucu batil edir. Bu iş qeyri-ixtiyarı olarsa, oruc batil olmur. Ümumiyyətlə, insan unutqanlıq üzündən yeyib-içirsə, udursa, orucu pozulmur.

- Bu gün orucunu pozan və ya tuta bilməyənlərin borcu nədir?

- Qurani-Kərimdə qeyd olunub ki, insan bəzi üzrlü səbəblərdən oruc tutmaya bilər. Yaşa görə, xəstəliklə bağlı, orucun səhhətə ziyan verə biləcəyi məqamlarda və ya orqanizmin zəifliyi üzündən orucun tutulmaması üzrlü sayılır. Bir də səfərdə olanlar əgər burada 10 gündən az müddətdə qalarlarsa, orucu aça bilərlər. Ramazan ayından sonra hər tutulmayan günə bir gün qəza orucu tutulmalıdır. Amma oruc bilərəkdən pozularsa, hər pozulmuş günün qarşılığında 60 gün oruc tutulmalı və ya 60 fəqir, ac insan yedizdirilməlidir. Bu, bilə-bilə pozulmuş orucun kəffarəsidir.

- Əgər insan yeniyetməlik və ya İslamın tələblərini anlamadığı çağlarda oruc tutmayıbsa, indi bunun qarşılığında nə etməlidir?

- Bəli, vacib ibadətlərə vaxtında əməl etməyənlər olur. Tutaq ki, 15 yaşından namaz qılmalı, oruc tutmalı oğlan 20 yaşında anlayır ki, ibadətlərini qəzaya verib. Vəziyyəti dərk etdikdən sonra qəza ibadətlərinin bir gününə bir gün əməl etməklə günahlarını yumuş olur. Yox, əgər orucun vacibliyi ona izah edilib, o da bunu dərk edib, amma inadkarlıq və digər səbəbdən qulaqardına vurubsa, indi kəffarə olaraq hər tutlmayan oruc günü müqabilində ya 60 gün oruc tutmalı, ya da 60 nəfər imkansız insanı yedizdirib doydurmalıdır. Belə imkanı olmadığı təqdirdə istiğfar etməlidir, yəni Allahdan bağışlanmağını diləməlidir. Uca Allah bağışlayandır, rəhmlidir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!