Medvedev və Yanukoviç qazın qiyməti barədə razılığa gələ bilmədilər.
313news.net saytının ANSPRESS-ə istinadən verdiyi məlumata görə Rusiya və Ukrayna prezidentləri Dmitri Medvedev və Viktor Yanukoviç nə qazın qiyməti, nə Ukraynanın Gömrük İttifaqına daxil olma perspektivləri və nə də ki, dünən Soçidə iki ölkə lideri arasında baş tutan görüşdə müzakirə olunan digər məsələlər üzrə razılığa gələ bilməyiblər. ANS PRESS-in “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, hər iki ölkə hökumətində uzun sürən qarşıdurmaya hazırlıq gedir və 2012-ci ilin qış fəsli öncəsi “qaz müharibəsi”nin təkrarlanacağı istisna olunmur.
Medvedev və Yanukoviç danışıqların əvvəlində etiraf ediblər ki, iki ölkə arasındakı münasibətlərdə “kifayət qədər problem” var.
Nəşrin hər iki ölkə hökumətində olan mənbələri bəyan edirlər ki, sentyabrda keçiriləcək hökumətləararası komissiyanın iclasından çətin ki, müsbət nəsə gözləmək olar. “Biz artıq mümkün qaz müharibəsinin təkrarlanmasına mənəvi cəhətdən hazırlaşırıq”, – deyə “Kommersant”ın Kiyevdəki həmsöhbəti bildirib.
Nəşrinə mənbələrinin məlumatına görə, “Qazprom” və “Naftoqaz”ın birləşdirilməsi və Gömrük İttifaqına daxil olmaq ilə yanaşı Rusiya və Ukrayna ötən il atom şirkətlərinin birləşdirilməsi, Birləşmiş Aviaqayırma Korporasiyası ilə “Antonov” Konstruktiv Bürosu arasında birgə müəssisənin yaradılması, “Ukrtelekom”a rus kapitalının daxil edilməsi və s. barədə danışıqlar aparıblar.
Ukrayna Xarici İşlər Nazirliyindəki mənbədən verilən məlumata görə, Moskva ilə Kiyev arasında siyasi müstəvidə fikir ayrılığı dövlət sərhədlərinin razılaşdırılması sahəsindədir. Bundan əlavə, ikitərəfli münasibətlərdə ciddi qıcıqlandırıcı məqam Krım sahillərində baş tutan təlimlərdə Amerikanın “Monterey” raket kreyserinin iştirak etməsi oldu.