Azərbaycan və MDB » Müdafiə Nazirliyindən namaz probleminə verilən cavab
Müdafiə Nazirliyi

“MilAz” informasiya agentliyi Silahlı Qüvvələrdə xidmət edən əsgər və zabitlərin namaz qılmalarına görə təqib edilməsi ilə bağlı məlumat yaymışdı.

Həmin məlumatda qeyd olunurdu ki, Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qüvvələrinin (HHMQ) namaz qılan 3 zabiti öz vəzifələrindən kənarlaşdırılaraq, müxtəlif hərbi hissələrdə aşağı vəzifələrə göndəriliblər. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu da öz növbəsində məsələnin araşdırılıb məlumat veriləcəyini bildirmişdi.

Bu gün MN-nin mətbuat xidmətinin rəisi MilAz-a verdiyi eksklyuziv məlumatında namaz qılan zabitlərin başqa hərbi hissələrə göndərilməsinə aydınlıq gətirdi.:“HHQ və HHMQ-nin kimya xidmətinin rəisi polkovnik-leytenant Qəhrəman Mənsiyev öz ərizəsinə əsasən cəbhə xəttində xidmət etməyə göndərilib. HHQ və HHMQ-nin aerodrom xidmətinin rəisi polkovnik-leytenant Akif Kərimov xidməti uyğunsuzluğa görə başqa hərbi hissəyə göndərilib. HHQ və HHMQ-nin şəxsi heyətlə iş üzrə idarəsinin zabiti mayor Camalov Namiq isə 1999-cu ildən bu vəzifədə çalışır və rotasiyaya uyğun olaraq başqa hərbi hissəyə göndərilib”.

Məsələ ilə əlaqədar olaraq Hərbçilərin Hüquqlarının Müdafiə Mərkəzinin direktoru Telman Əbilov isə daha fərqli düşünür. Onun sözlərinə görə, hərbçilərin vicdan azadlığının pozulması ilə əlaqədar əvvəllər də xoşagəlməz faktlar olub. "Lakin Müdafiə Nazirliyinin rəsmiləri həmişə eyni reaksiya verir, müxtəlif bəhanələr gətirərək zabitlərin adlarının ləkələnməsindən belə çəkinmirlər. Yaxşı olardı ki, bu zabitlər də öz mövqeylərini, fikir və rəylərini bildirsinlər. Amma bilirik ki, MN-nin bu günkü rəhbərliyi belə addım atan zabitləri dərhal ləkələyir və onları amansızcasına cəzalandırır. Təbii ki, belə bir şəraitdə bu zabitlər mətbuata açıqlama verməkdən çəkinəcəklər. Ona görə də hesab edirəm ki, məsələnin aktuallığını, vacibliyini nəzərə alaraq və obyektivlik naminə Müdafiə Nazirliyi bu zabitlərin müstəqil mətbuata açıqlama vermələrinə şərait yaratmalıdır. Onda əsl həqiqət üzə çıxacaq”.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!