
Bu gün Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan  xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.
XX  əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış,  xalqların müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərin  yaranması əsri kimi də daxil olub.
1917-ci ildə Rusiyada baş  vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə  Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli  oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın  milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik  Cümhuriyyətini elan etdilər.
ADC təkcə Azərbaycanda deyil, bütün  Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət  idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üç  rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə  idi. Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də  bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdilər və Respublika süqut  etdi.
Respublika Günü - dövlət müstəqilliyinin bərpası günü - 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. /milli.az/