
İlham Əliyev: “Qarabağ münaqişəsinin nizamlanmasında Ukraynanın prinsipial mövqeyinə görə təşəkkür etmək istəyirəm”
Bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti  Viktor Yanukoviçin birgə mətbuat konfransı keçirilib. Azərbaycan  prezidenti İlham Əliyev Viktor Yanukoviçin Ukrayna prezidenti kimi  ölkəmizə ilk dəfədir ki, səfər etdiyini bildirib. Dövlət başçısı  vurğulayıb ki, aparılan danışıqlar bir daha ölkələrimiz və xalqlarımız  arasında münasibətlərin yaxın olduğunu nümayiş etdirib.
 
 Prezident İlham Əliyev keçən ilin sonunda Ukraynaya səfərini xatırladıb,  ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini deyib.  Bu gün aparılmış danışıqlar zamanı bir çox məsələlərin müzakirə  edildiyini vurğulayan dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsinin də danışıqlar mövzusu olduğunu bildirib.
 
 “Münaqişənin nizamlanmasında Ukraynanın prinsipial mövqeyinə görə  təşəkkür etmək istəyirəm. Bu da bu gün imzalanmış Birgə Bəyannamədə öz  əksini tapıb”, - deyən prezident İlham Əliyev qeyd edib ki, sənəddə  münaqişənin beynəlxalq hüququn prinsipləri - dövlətlərin ərazi  bütövlüyünün qorunması, suverenliyi və sərhədlərin toxunulmazlığı  əsasında nizamlanması göstərilib.
 
 Dövlət başçısı danışıqlar zamanı iqtisadi əlaqələrin də müzakirə  edildiyini, ölkələrimiz arasında əmtəə dövriyyəsinin sürətli artımının  nikbinlik doğurduğunu vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki,  reallaşması planlaşdırılan investisiya layihələri də mövcuddur.  Hərbi-texniki sahədə də əməkdaşlıq genişlənir. Əməkdaşlığın mühüm  istiqamətlərindən biri də enerji sahəsidir.
 
 Ukrayna prezidenti Viktor Yanukoviç də bugünkü danışıqlar zamanı nəzərdə  tutulan bütün məsələlərin və onların həyata keçirilmə mexanizmlərinin  müzakirə edildiyini deyib. Beş il bundan əvvəl Bakıya səfər etdiyini  xatırladan Ukrayna prezidenti bu gün paytaxtımızın dəyişdiyini, daha da  gözəlləşdiyini vurğulayıb. Viktor Yanukoviç bildirib ki, bütün bunlar  ölkəmizin yüksək templərlə inkişaf etdiyini təsdiqləyir.
 
 Ukrayna prezidenti Azərbaycan-Ukrayna münasibətlərinin dərin köklərə  əsaslandığını, bu münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin  əvəzsiz xidmətlərini vurğulayıb.Viktor Yanukoviç birgə investisiya  layihələri haqqında da danışıb. Ali qonaq, həmçinin qeyd edib ki, bu gün  elm sahəsinə aid bir sıra layihələr də nəzərdən keçirilir.
 
 Ukrayna prezidenti göstərilən qonaqpərvərliyə görə bir daha Azərbaycan  prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Sonra Azərbaycan və  Ukrayna Prezidentləri jurnalistlərin suallarını cavablandırdılar./AzərTAc/