Bəşər Əsəd dünyanın səbrini daşırdı; BMT təcili toplanır; ABŞ və Britaniya diplomatlarını Suriyadan çıxarır
Suriyada Bəşər Əsəd rejiminin ölkədə başlamış etiraz dalğasını yatırmaq üçün görünməmiş amansızlıq nümayiş etdirməsi beynəlxalq ictimaiyyətin diqqətini bu ərəb ölkəsinə yönəldib. Xəbərlərə görə, indiyədək nümayişçiləri odlu silahdan atəşə tutan Suriya rejimi etirazçıların üzərinə ordu və tankları yeridib. Aprelin 25-də Əsəd rejiminə qarşı etirazların başladığı şəhər olaraq tanınan Dəraaya tankların müşayiəti ilə minlərlə əsgər yeridilib.
Yerli əhaliyə istinadən xarici agentliklərin yaydıqları xəbərlərə görə, ordu şəhərdə “təmizləmə” aparır. Nümayişçilərin toplaşdığı məhəllələrə tanklardan atəş açılır, gecə isə əsgərlər evləri gəzərək minlərlə insanı həbs edib və naməlum istiqamətə aparıb. Küçələrdə cəsədləri yığışdırmaq mümkün olmur, əsgərlər hara gəldi atəş açır və yaralananlara tibbi yardım göstərilməsinə imkan vermir.
“Əl-Ərəbiyə” kanalı şəhərdəki məscidlərdən birinin qarşısında beş zabit və 10-dək əsgərin silahsız insanlara atəş açmaqdan imtina etdiyini də xəbər verib. Yerli sakinlərdən biri deyib ki, bunun sayəsində insanlar ölənləri və yaralananları meydandan çıxara biliblər. Ölənlərin sayını dəqiqləşdirmək mümkün deyil, yerli insan haqları təşkilatları Dəraada reydlərin başlamasından bu yana azı 25 nəfərin öldürüldüyünü bildirir. İnsan haqları fəalları narahatdır ki, Bəşər Əsəd Dəraada vaxtilə atası Hafiz Əsədin onun rejiminə qarşı üsyan qaldıran Hama şəhərində törətdiyi dəhşətli qətliamı təkrar edə bilər. 1982-ci ildə Hafiz Əsəd qardaşı, general Rifat Əsədin başçılığı ilə “Müsəlman qardaşları” hərəkatının üsyan qaldırdığı bu şəhərə ordu yeridib və bir neçə gün ərzində 40 minə yaxın insanı qətlə yetirib. Suriyada son etiraz dalğası Dəraa şəhərindən başlayıb və sürətlə digər şəhərlərə sıçrayıb. Bu baxımdan narahatlıq var ki, Bəşər Əsəd onun hakimiyyətini laxladan bu şəhərin əhalisinə divan tutacaq.
Xəbərlərə görə, Suriyanın İordaniya ilə həmsərhəd Bosra şəhərinə də ordu yeridilib və nümayişçilərlə toqquşmalar gedir. İordaniya təhlükəsizlik məqsədilə Suriya ilə sərhədlərini bağlayıb. İnsan haqları fəallarının internet üzərindən göndərdikləri məlumatlara görə, paytaxt Dəməşqdə də gərginlik hökm sürür, şəhərə giriş-çıxış bağlanıb, yollarda zirehli texnika hərəkət edir. Dəməşqin ətraf məhəllələrində ordu “təmizləmə” aparır, ölkənin cənub şəhərləri Navu, Enhil, Cassem və digərlərinə də tanklar yeridilib, Cebla şəhərində də gecə səhərə qədər atəş səsləri eşidilib. Xarici KİV-lərin məlumatlarına görə, Dəraa şəhərində ordunun törətdiyi qətliam qarşısında aciz qalan əhali hətta düşməndən-İsraildən də kömək istəyir.
Beynəlxalq birlik isə Liviyada yaranmış pat vəziyyətinin davam etdiyi bir vaxtda Suriya rejiminin amansızlıqlarına qarşı hələlik ancaq çağırışlarla kifayətlənir. Dünən Fransa, Almaniya, Portuqaliya və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsi təqdim ediblər. Layihənin məzmunu barədə geniş məlumat yoxdur, ancaq bildirilir ki, orada Suriya hakimiyyətindən öz xalqına qarşı silah işlətməyi təcili dayandırmaq tələb edilir, eləcə də Suriya xalqına beynəlxalq birlik tərəfindən kömək imkanları nəzərdə tutulur. Bu layihənin dünən axşam səsə qoyulacağı istisna deyildi, lakin Təhlükəsizlik Şurasının daimi üzvlərindən Rusiyanın ona səs verəcəyi ağlabatan görünmürdü. ABŞ isə etiraz aksiyası iştirakçılarına qarşı “yolverilməz” hesab etdiyi üsullardan istifadə etdiyi üçün Suriya rəsmilərinin bəzilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdən keçirir. Milli Təhlükəsizlik Şurasının sözçüsü Tommy Vietor bildirib ki, ABŞ Suriyada rəsmilərin davranışının qətiyyən yolverilməz olduğunu ifadə etmək üçün siyasətini, o cümlədən də Dəməşqin bəzi rəsmilərinə qarşı sanksiyalar qoyulmasını müzakirə edir. Digər xəbərə görə, ABŞ Suriyadan öz diplomatlarını təcili geri çağırıb. Dövlət Departamenti bildirib ki, Dəməşqdəki səfirliyin işçilərinin böyük hissəsinin çıxarılmasına başlayıb. Böyük Britaniya da analoji addım atıb. ABŞ prezidenti Barak Obama isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə edib, tərəflər birgə addımlar barədə danışıblar. Ağ Evdən yayılan açıqlamada bildirilir ki, Obama və Ərdoğan Suriya hakimiyyətinin öz xalqına qarşı qəbul edilməsi mümkün olmayan zorakılığa əl atmasını pisləyir, bu zorakılıqların dərhal dayandırılmasını tələb edir və Suriya vətəndaşlarının demokratik arzularını əks etdirən islahatların dərhal başlamasının vacibliyini vurğulayırlar.
Aylardır qanlı müharibənin getdiyi Liviyada isə vəziyyət əsasən dəyişməyib. “Frans press” xəbər verir ki, NATO aviasiyası paytaxt Tripolinin mərkəzinə yenidən güclü raket zərbələri endirib. Zərbələrin hədəfi açıqlanmır. Bundan əvvəl NATO aviasiyası Qəzzafinin Tripoli ətrafındakı iqamətgahına güclü zərbələr endirmişdi və binalardan bir neçəsi dağıdılmışdı. Qəzzafi isə bombardmandan əvvəl zirzəmidə gizlənib və sağ qalıb. Liviya televiziyası onun yeni görüntülərini nümayiş etdirib. Ekspertlərə görə, son aviazərbələr NATO-nun Qəzzafini “ovlamağa başladığını” göstərir. Lakin onun fiziki məhvi riskli əməliyyatdır, çünki polkovnik öz iqamətgahının ətrafında mülki əhalidən ibarət canlı sədd düzəldib, Liviya televiziyası hər gün onun iqamətgahının qarşısına toplaşanları göstərir.
Bu arada NATO-nun Liviyada apardığı əməliyyatlara ilk dəfə İtaliya Hərbi Hava Qüvvələri də qoşulub. Liviya müxalifəti isə bildirir ki, dost və müttəfiqlər onlara silahla yardım edir. Hazırda müxalifət qüvvələri təlim keçir və Qəzzafinin qüvvələrinə qarşı hücuma cəhd etmir. Misurata şəhəri də atəş altındadır, Qəzzafinin artilleriyasının açdığı atəşlərlə şəhərdə yenidən onlarla insan həlak olub. İngilis “The Daily Mail” qəzetinin müxbiri isə Benqazi şəhərində Qəzzafinin əsgərlərinin əlindən canlarını qurtara bilən qaçqınlar barədə məqaləsində dəhşətli faktlara yer verir. Məlum olub ki, Qəzzafinin əsgərləri hücum etdikləri şəhərlərdə qadın və azyaşlı uşaqları kütləvi şəkildə zorlayıb, uşaqların gözləri qarşısında valideynlərini qətlə yetirib və digər tükürpədici vəhşiliklər törədiblər. Beynəlxalq insan haqları təşkilatları Benqazidə məskunlaşmış qaçqınlar arasında aparılan araşdırmalar zamanı Qəzzafi ordusunun insanlığa qarşı cinayətlər törətməsinə dair çoxsaylı faktlar toplayıb. /Yeni Müsavat/