
Xankəndidə hava limanının açılış tarixi təxirə salındı
Azərbaycanın erməni işğalı altına olan Xankəndi şəhərində inşa olunan  hava limanının açılış tarixi təxirə salınıb. ANS PRESS-in erməni kütləvi  informasiya vasitlərinə istinadən verdiyi xəbərə görə, separatçı Dağlıq  Qarabağ rejminin mətbuat xidmətinin rəhbəri David Babayan “Kavkazskiy  uzel”ə deyib ki, hava limanının mayın 9-da rəsmi açılışı olacağı ilə  bağlı hər hansı rəsmi məlumat verilməyib. 
 
 Qeyd edək ki, Azərbaycanın ermənilər tərəfindən işğal altında olan  ərazilərində inşa olunan aeroportun açılışını mayın 9-na  planlaşdırdıqları haqda bəyanatı qondarma rejomin mülki aviasiya  idarəsindən vermişdilər. Elə həmin idarədən bildirmişdilər ki,  ümumilikdə binanın tikinti işləri artıq yekunlaşıb, hazırda texniki  təchizat işləri üzrə proses davam edir. 
 
 Babayan bildirib ki, hava limanının mayın 9-da açılması üçün müəyyən  şərait var idi, lakin bununla bağlı heç bir rəsmi məlumat verilməyib.  “Bu çox mürəkkəb prosesdir və heç bir texniki səhv olmaması üçün bina  bütünlüklə hazır olmalıdır. Ona görə də hava limanının açılış tarixi bir  neçə dəfə nəzərdən keçirilib. Birinci dəfə biz hava limanının 2010-cu  ilin oktyabr-noyabr ayında açılmasını planlaşdırırdıq və s. Amma hava  limanı mayın 9-u olmasa da, bu il mütləq açılacaq”, deyən Babayan əlavə  edib. 
 
 O, bunu texniki səbəblərlə bağlayıb və Azərbaycanın təhdidlərinin bu məsələyə tamamilə aidiyyatı olmadığını bildirib. 
 
 Öz növbəsində qondarma respublikanın mülki aviasiya üzrə baş idarəsinin  rəisi Valeri Adbaşyan da Azərbaycanın işğal olunmuş ərazilərində hava  limanının mayın 9-da açılması haqda məlumatın yanlış olduğunu bildirib:  “Bilmirəm siz bu haqda məlumatı haradan əldə etmisiniz? Kimsə bu şayiəni  buraxıb, bu da eləcə yayılıb. Mən şəxsən heç vaxt açılışın mayın 9-da  olacağını deməmişəm”. 
 
 "Burada müəyyən işlər gedir, yəni böyük bir ərazidə tənzimlənmə, qurma  işlərinə aylarla vaxt gedir. Buna görə də hələlik dəqiq tarix yoxdur,  həm də ki bizi heç kim tələsdirmir, rəhbərlik özü deyir ki, hazır olanda  fəaliyyətə keçəcəyik. Amma o, bir şey də əlavə edib ki, Xankəndi hava  limanı ola bilər yayın əvvəlində işə başlasın", deyə Adbaşyan əlavə  edib.  
 
 Xatırladaq ki, rəsmi Bakı bəyan etmişdi ki, Azərbaycan qanunvericiliyinə  əsasən ölkənin işğal altında olan əraziləri üzərində hava sahəsi  uçuşlar üçün qapalı zona sayılır. Azərbaycan bununla bağlı öz mövqeyini  artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatına çatdırıb.