
Əli Əkbər Haşimi Rəfsəncani artıq İranın Xobraqan məclisinə rəhbərlik etməyəcək
İslam-Azeri.az İnternet qəzetinin Press TV-yə  istinadən verdiyi xəbərə  görə, Rəfsəncani növbəti müddət üçün namizədliyini irəli sürməyib. 
 
 Xobraqan məclisinin yeni rəhbəri ayətullah Məhəmməd Riza Məhdəvi Kani  seçilib. Onun namizədliyini məclisin 86 üzvündən 63-ü dəstəkləyib. 
 
 İranın Xobraqan məclisi nüfuzlu din xadimlərindən təşkil edilir və  ölkənin xarici və daxili siyasətinin prioritet məsələlərini  müəyyənləşdirir. 
 
 Rəfsəncani məclisə 2007-ci ildən rəhbərlik edib. O, 1989-1997-ci illərdə  İranın prezidenti postunu tutub. 2005-ci ildəki seçkilərdə isə Mahmud  Əhmədinejada məğlub olub. 
 
 Əli Əkbər Haşimi Rəfsəncani son zamanlar əsasən müxalifət düşərgəsində yer alıb və Əhmədinejad hakimiyyətini tənqid edib.