
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri 1955-ci il martın 6-da Türkiyədə vəfat edib
Bu gün Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri,  siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920)  banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri  Məhəmməd Əmin Rəsulzadənin vəfatından 56 il ötür. 
 
 O, 1884-cü  il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. İlk təhsilini  ikinci "Rus-müsəlman" məktəbində alıb, buranı bitirdikdən sonra  təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib.  Məhəmməd  Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə  təsadüf edir. 1902-ci ildə 17 yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman  gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə  üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
 
 1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən həbs  olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola  düşür. Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə  birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını  qoyur. O, "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 
 
 Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas  rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın  şah hökumətindən tələb edir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq  üçün 1911-ci ilin may ayında İstanbula gedir. O,  1911-ci ilin noyabr  ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazarlarından biri  olub.
 
 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə  əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir.  1917-ci ildə fevral burjua inqilabı baş verdi.
 
 1917-ci ilin  aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay  M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək  haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan qayəsi" məsələsi  yenidən ortalığa atıldı. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin  "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və  Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq  gələcək Rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifini qəbul  etdi.
 
 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili  fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də  seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların  üzvlərindən ibarət olan Azərbaycan milli şurası yarandı. Səs çoxluğu ilə  M.Ə.Rəsulzadə milli şuranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün  ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin  elan olunmasını dünyaya yaydılar.  Fətəlixan İsgəndər oğlu Xoyskinin  başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu.  Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin,  bütün İslam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu. 
 
 Amma çox qısa ömür yaşayan Demokratik Cümhuriyyətin süqutundan sonra  digər cümhuriyyətçilərlə yanaşı Məhəmməd Əmin Rəsulzadənin də qara  günləri  başlayır. Rəsulzadə Türkiyə,  Rumıniya, Almaniya, Polşada  uzun  illər Vətəndən uzaq mühacir həyatı yaşayır.
 
 Ankara  Universitetinin Tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən  müalicə alan Məmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da  vəfat edib və  Ankaranın "Əsri" məzarlığında dəfn edilib. 
 
 Allah Rəhmət eləsin! /anspress/