
"Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, maraq və mənafeyinə mümkün təhdidlərin qarşısının alınması üzrə zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir"
ABŞ və Böyük Britaniya  Azərbaycanda terror təhlükəsi ehtimalı ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıq ediblər. APA-nın  məlumatına görə, ABŞ Dövlət Departamenti bununla bağlı Azərbaycandakı  ABŞ vətəndaşları üçün xəbərdarlıq yayıb: “Dövlət Departamenti terror  təhlükəsi haqqında malik olduğu informasiyaya əsaslanaraq ABŞ  vətəndaşlarını Azərbaycanda, o cümlədən ABŞ maraqlarına qarşı ehtimal  olunan terror aktları ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıq edir.  Azərbaycandakı ABŞ vətəndaşları xüsusilə ictimai yerlərdə sayıq olmalı,  öz şəxsi təhlükəsizlikləri ilə bağlı sayıqlıq nümayiş etdirməlidir”. 
 
 Analoji xəbərdarlıqla Böyük Britaniya Xarici İşlər Nazirliyi də çıxış  edib. Britaniya XİN öz Azərbaycandakı vətəndaşlarını sayıqlıq nümayiş  etdirməyə çağırıb. 
 
 ABŞ səfirliyinin mətbuat katibi Kit Bin APA-ya  açıqlamasında ABŞ vətəndaşlarına müvafiq xəbərdarlıq olduğunu deyib,  lakin əlavə şərh verməyib: “Lakin biz təhlükənin xarakteri və məlumatın  mənbəyi barədə şərh verə bilmərik”. 
 
 ABŞ və Böyük Britaniyanın Azərbaycanda mümkün terror təhlükəsi ilə bağlı  xəbərdarlığına münasibət bildirən Milli Təhlükəsizlik Nazirliyinin  ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev APA-ya  bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, maraq  və mənafeyinə mümkün təhdidlərin qarşısının alınması üzrə zəruri  qabaqlayıcı tədbirlər həyata keçirilir: “Bu proses daimidir. Ölkəmizin  aidiyyəti orqanları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən  əməliyyat şəraitinə nəzarət olunur”.