
İşğalçı dövlətin prezidenti yenə dediyini deyir
Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirib. Xəbərlərdən məlum olduğu kimi o, “Exo Moskvı” radiostansiyasına müsahibəsində deyib ki, əslində erməni xalqı “1 santimetr ərazinin də” qaytarılmasını istəmir: “Digər tərəfdən, biz başa düşürük ki, istənilən qərar uzunmüddətli sülhə aparmalıdır. Ona görə də güzəştlər vacibdir. Əlbəttə, təminat lazımdır ki, belə uzunmüddətli sülh bərqərar olacaq. Amma azərbaycanlılar dediyi kimi yox: qoy hər şeyi qaytarsınlar, sonra Qarabağın taleyindən danışarıq. Belə olmaz”. Sərkisyan onu da deyib ki, münaqişənin nizamlanmasında Rusiya güclü rola malikdir və istəsə regionda silahlanmanın qarısını ala bilər.
Sərkisyanın  açıqlamalarını şərh edən politoloqlar hesab edir ki, bunu, Ermənistanın  son çırpıntıları kimi dəyərləndirmək olar. Azərbaycan Milli Strateji  Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri deyir ki, Sərkisyanın  bəyanatının daha çox Rusiyaya mesaj xarakteri daşıdığı görünür. Çünki  Ermənistan prezidentini Rusiyaya o qədər də güvənmir və hər an satıla  biləcəklərindən narahatdır. Ona görə də hər şeyi Rusiyanın mərhəmətinə  buraxmamaq üçün Ermənistanın maraqlarının çərçivəsini cızmaqla Medvedyev  hakimiyyətinə mesaj verilir: “Sərkisyan ”Rusiya istəsə, regionda  silahlanmanın qarşısını ala bilər" deməklə, əslində bunun əksini iddia  edir və topu yenə rəsmi Moskvaya göndərir. Çünki o Rusiya tərəfindən  Azərbaycana bir çox güclü silahların satıldığını bilir. Anlayır ki,  Moskvanın Ermənistanın düşməni olan Azərbaycanı hərbi cəhətdən  gücləndirməsi heç bir Rusiya-Ermənistan strateji müttəfiqliyinə sığmır  və müharibə ehtimalında Rusiya çətirindən məhrum edir. Məhz buna görə  Sərkisyan Azərbaycan ordusu ilə təkbətək qalmaq qorxusu ilə hər gün  yuxusunu qarışdırır". 
Ekspertin dediyinə görə, artıq Sərkisyanın nə  deməsindən asılı olmayaraq Azərbaycan ordusu ciddi hazırlıqlarını  tamamlayan kimi düyməyə basılacaq: “O gün çox da uzaqda deyil. Artıq  Minsk Qrupu çərçivəsində danışıqlar formal xarakter daşıyır, Azərbaycan  dövləti problemin danışıqlar yolu ilə həllinə inamını itirib. Ermənistan  işğal altında saxladığı ərazilərdən dinc yolla çıxmaq fikrində deyil və  danışıqları mümkün qədər uzadıb işğal faktını möhkəmləndirmək istəyir.  Sərkisyanın dedikləri də Ermənistanın sülhdə maraqlı olmadığını  təsdiqləyir”. /Yeni Müsavat/