
“İnter”in “Mika” üzərində qələbəsi bədnam qonşularımıza yer edib
Azərbaycan çempionu “İnter”in “Birlik Kuboku” çərçivəsində Ermənistan  klubu “Mika”ya 4:0 hesabı ilə qalib gəlməsi bədnam qonşularımız  tərəfindən böyük əks-səda ilə qarşılanıb. Ermənistanın “Armenian  Report.com” xəbər portalı “İnter”in zəfəri barədə xüsusi yazı  hazırlayıb. Materialda “İnter”in “Mika”nı rüsvayçı məğlubiyyətə  uğratdığı xüsusi vurğulanır. “Mika”nın hər futbolçusuna Azərbaycan  çempionu üzərində qələbəyə görə 50 min dollar mükafat vəd olunduğunu  bildirən müxbir bunun da heç nəyə yaramadığını bildirib. Məqalədə  azərbaycanlı futbolçuların ustalıq səviyyəsinin ermənilərdən çox yüksək  olduğu vurğulanır. 
 
 "“”İnter” istəsə idi “Mika”nın qapısından  daha çox top keçirə bilərdi. Erməni futbolçular isə “İnter”in qapısı  qarşısında bir dənə də olsun real qol vəziyyəti yarada bilmədilər. Nə  qədər təəssüf doğuracaq fakt olsa da onu deməliyik ki, “Mika”nın  heyətində Ermənistan yığmasının şərəfini qoruyan futbolçular yer alır”, -  deyə məqalədə qeyd edilir. 
 
 Yazıda həmçinin Ermənistanın bir  vaxtlar Zaqafqaziyada ən güclü futbol ölkəsi sayılsa da indi  Azərbaycanın futbolun inkişafına görə Ermənistanı üstələdiyi də  bildirilir. “Azərbaycanlıların ermənilərə futbolda qalib gəlməsi onu  göstərir ki, Ermənistan prezidentinin Azərbaycan və Türkiyəyə meydan  oxuması boş şeydən başqa bir şey deyil”, - deyə yazıda qeyd edilir./ANSPRESS/