
İran prezidenti jurnalistlərin Ermənistanla bağlı sərt suallarına məruz qalıb
Bakıda səfərdə olan İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad dünən mətbuat konfransı keçirdi. Qurban bayramı günlərində Azərbaycana səfər etdiyinə görə şükranlığını bildirən İran prezidenti NATO və ABŞ-ın ünvanına sərt mesajlar səsləndirdi.
Mətbuat konfransında İranın işğalçı Ermənistanla əlaqələri barədə  jurnalistlərin suallarına cavab verməkdən yayınan Əhmədinejad bunları  bildirdi: “Biz bir-birimizlə qonşuyuq və qonşu olaraq yaşayacağıq.  Problem danışıq yolu ilə həll olunmalıdır. Biz regionda olmayan  dövlətlərə müraciət edirik ki, təzyiqlərini azaltsınlar. Əgər onların  təzyiqi olmasa, bu məsələ həllini tapacaq”. 
Azərbaycanlı  jurnalistləri ən çox maraqlandıran isə İranın təcavüzkar Ermənistana  yardım göstərməsi, əlaqələrini inkişaf etdirməsi idi. Odur ki, bu məsələ  ilə bağlı növbəti suallar səsləndi. Əhmədinejad isə sualın təkrar  olduğunu deyərək cavablandırmaqdan imtina etdi. Belə olan halda İran  prezidenti media mənsublarının təpkisi ilə üzləşib. Media mənsubları  ardıcıl şəkildə İran-Ermənistan əlaqələri barədə sualı təkrarladı. Ancaq  prezident “bayaqdan bu sualı vermək üçün çalışırdınız” deyərək təkrar  olduğu üçün cavablandırmaqdan imtina etdi və brifinqi yekunlaşdırdı.