Orta şərq » İranda "yumşaq müharibə" Birinci və İkinci dünya müharibələrindən də genişdir - İran generalı
general Məsud Cəzayiri

İranın İnqilab Keşikçiləri Korpusunun (Sepah) yüksəkvəzifəli generalı bildirib ki, İrandakı "yumşaq müharibə" Birinci və İkinci dünya müharibələrindən də genişdir və bu müharibə dünyamiqyaslıdır.

"Fars" agentliyinin məlumatına görə, İran Hərbi Qüvvələri Baş Qərargahının sədr-müavini, general Məsud Cəzayiri bildirib ki, "yumşaq müharibə" dünyamiqyaslıdır və bu müharibənin "silah-sursat"ını kim tez əldə etsə, müharibənin qalibidir.

"Yumşaq müharibə" termini xüsusilə keçən ilin iyun ayında İranda keçirilən Prezident seçkilərindən sonra İran rəsmiləri və mətbuatında daha çox hallanır. Müxalifət seçkilərdə Mahmud Əhmədinejadın saxtakarlıqla Prezident seçilməsini iddia edərək, aksiyalar keçirib. Hakimiyyət, müxalifət mediaları, İrandan xaricdə fəaliyyət göstərən müxalifət təşkilatları və mediaları, seçkilərin şəffaflığını qəbul etməyən müxalifət liderlərindən tutmuş, BMT Təhlükəsizlik Şurası, beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ və Avropanın İranın nüvə proqramını dayandırmaq üçün həyata keçirdiyi tədbirləri "yumşaq müharibə" adlandırır.

Cəzayiri bildirib ki, dünyada bir tərəfdə, "təmiz islam" (İran rəsmilərinin qəbul etdiyi şiə məzhəbi) digər tərəfdə, sionizm və imperializm dayanıb.

O hesab edir ki, bu münaqişə "real" müharibədir və bu müharibəni görməyən vətəndaşlar gözlərini reallığa yumurlar.

İran generalı belə düşünür ki, son nəticə olaraq, bu dünyamiqyaslı müharibədə İran qalib gələcək.

Ötən il iyunun 12-də keçirilən Prezident seçkilərinin rəsmi yekunlarına görə, İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad 62,63 faiz səs toplayıb. Onun əsas rəqibi olan Mir Hüseyn Musəvi isə 33,75 faiz səs toplaya bilib.

Musəvinin tərəfdarları hökuməti seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edərək, onların ləğv edilməsini tələb ediblər. Kütləvi etiraz aksiyaları polislə ciddi toqquşmalara gətirb çıxarıb. Nəticədə, bir neçə fəal həlak olub, 1 032 fəal həbs olunub. Sonradan onların bəziləri azad edilib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!