Dünyada » İranın 8 yüksək rütbəli məmuru Amerikanın “qara siyahı” sında

Dövlət katibi Hillari Klinton xüsusi mətbuat konfransı keçirərək insan haqlarını pozan Tehran rəsmilərinə qarşı sanksiyaları elan edib

 

 

 

Dövlət katibi Hillari Klinton və maliyyə naziri Timoti Qeytner ABŞ-ın ali rütbəli 8 İran rəsmisinə sanksiya qoyduğunu elan ediblər. Sentyabrın 29-da media qarşısına çıxan dövlət katibi və nazir həmin məmurların İranda insan haqlarının pozulmasına, müxalifətə qarşı repressiyalarda məsuliyyət daşıdıqlarını bildiriblər. Mediaforum.az saytının məlumatına görə, sanksiya bu rəsmiləri əhatə edir: İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) komandanı Məhəmməd Əli Cəfəri, onun kəşfiyyat üzrə müavini, “Bəsic”in komandanı Hüseyn Taib, sosial təminat naziri Sadıq Məhsuli, daxili işlər naziri Mustafa Məhəmməd Nəccar, baş prokuror Qulamhüseyn Mohsüni Ejei, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi, Tehran hüquq mühafizə qüvvələrinin komandanı Əhməd Rza Radan, kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Heydər Moslehi.

 

Hillari Klinton deyib ki, bu şəxslərin rəhbərliyi ilə insanları döyüb, işgəncə verib, şantaj edib və öldürüblər. Sanksiyaya əsasən, 8 İran rəsmisinin ABŞ-dakı hesabları dondurulur, onlara viza verilməsi yasaqlanır. ABŞ vətəndaşları isə bu İran rəsmiləri ilə hər hansı biznes apara bilməzlər. Klinton jurnalistlərə açıqlamasında bir məqamı da vurğulayıb: “Bu, ABŞ-ın İrana qarşı insan haqlarının kobudcasına pozulmasına görə ilk sanksiyasıdır”. ABŞ dövlət katibi deyib ki, İran mülki və siyasi azadlıqlara dair beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Onun sözlərinə görə, İran hökumətinin qərarına şübhə ilə yanaşan və ya siyasi məhbusları müdafiə etməyə cəhd göstərən hər kəs repressiyaların hədəfinə çevrilir. H.Klinton deyib ki, prezident Barak Obama tərəfindən adları çəkilən İran məmurlarına qarşı sanksiyaların tətbiqi Amerikanın bu ölkədə repressiya qurbanları ilə həmrəylinin göstəricisidir.

İranda insan hüquqlarını kobud şəkildə pozduğuna görə ABŞ-ın sanksiyasına məruz qalan 8 İran rəsmisindən biri azərbaycanlıdır. Söhbət sosial-təminat naziri, məşhur milyonçu Sadıq Məhsulidən gedir. Mediaforum.az-ın məlumatına görə, Sadıq Məhsuli İranın hazırkı prezidenti Mahmud Əhmədinejadın yaxın adamlarından sayılır. Əhmədinejadın başçılıq etdiyi 9-cu hökumətdə Məhsuli daxili işlər naziri vəzifəsində çalışıb. 2009-cu ilin prezident seçkisi zamanı Məhsuli Əhmədinejadın seçki kampaniyasına sponsorluq edib. Seçkinin rəsmi qalibi olan Əhmədinejad prezident kimi seçkidən sonra yeni hökuməti formalaşdıranda Sadıq Məhsulini daxili işlər naziri postundan sosial təminat naziri postuna keçirib. Məhsuli İran məmurları arasında ən varlı adamlardan biridir. O, milyonçudur. İslahatçı dairələrə yaxın bəzi jurnalistlər ondan bu qədər sərvəti qısa bir zamanda necə topladığını soruşanda Məhsuli cavab vermişdi ki, qazancı biznes və tikinti sahəsindəki fəaliyyətindən əldə edir.

 

 

 

 

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!