Azərbaycan və MDB » Prezident İlham Əliyev: «Azərbaycan və Ermənistan arasında silahlı münaqişə beynəlxalq və regional təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir»
İlham Əliyev

"Azərbaycan davamlı inkişaf, dünyada fundamental azadlıqların, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin mərkəzi rolunu tanıyır".

APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, prezident qeyd edib ki, Azərbaycan hesab edir ki, BMT güclü və dünyanın istənilən hissəsindəki mürəkkəb qlobal problemləri həll etməyə qadir olmalıdır.

"Azərbaycan dağıdıcı müharibələr və işğaldan əziyyət çəkən ölkə kimi hesab edir ki, beynəlxalq norma və mehriban qonşuluq, dostluq və əməkdaşlıq siyasətinə riayət etmək, BMT-yə üzv dövlətlərin öhdəliklərinin yerinə yetirilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır”, - deyə prezident vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir: "Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirilməsini, ağır cinayətlərin əsas məsuliyyətini Ermənistanın üzərində olduğunu tanıyıb. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyib və ərazi əldə etmək üçün gücdən istifadə etməyin yolverilməzliyini bəyan edib".

Dövlət başçısı BMT-nin Dağlıq Qarabağın Azərbaycan hissəsi kimi tanımasını və ölkənin bütün işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını bəyan etdiyini diqqətə çatıdırıb: "BMT Baş Assambleyası, ATƏT və Avropa Şurası da daxil olmaqla digər beynəlxalq təşkilatlar, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı da buna oxşar qətnamələr qəbul ediblər. Təəssüf ki, beynəlxalq ictimaiyyətin öz mövqeyini bəyan etməsinə baxmayaraq, Azərbaycan torpaqları hələ də işğal altında qalmaqda davam edir".

Prezident İ. Əliyev deyib ki, Ermənistan vicdanla danışıqlar aparmaq əvəzinə, gözlənilməz nəticələri ilə təhlükəli olan daha böyük gərginlik yaratmaq siyasəti yolunu tutub.

Dövlət başçısı, həmçinin bildirib ki, Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərini sübut edən tarixi və mədəniyyət abidələrini məhv etmək siyasəti aparır.

Prezident xüsusi olaraq vurğulayıb ki, Dağlıq Qarabağ və ətraf rayonlarda silahlı münaqişənin nizamlanması Azərbaycan üçün əsas problem olaraq qalır.

O, regionda sülh və sabitliyə nail olmaq üçün ATƏT-in Minsk qrupunun sülhməramlı missiyasının genişləndirilməsinə ümid etdiyini bildirib: "Münaqişənin həlli müəyyən vaxt çərçivəsində işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılması, bütün kommunikasiyaların bərpası, Dağlıq Qarabağ üçün bir keçid statusun verilməsi, beynəlxalq təhlükəsizlik zəmanətlərin tətbiq olunması, bütün qaçqınların və məcburi köçkünlərin geri qayıtmasından ibarətdir. Biz Azərbaycanın tərkibində Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi üçün danışıqları davam etməyə hazırıq”.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!