Azərbaycan və MDB » İlham Əliyev Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak edib

Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı təntənəli mərasimdə nitq söylədi.

Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının yaradılması münasibətilə təbriklərini çatdırdı. Böyük bir sahəni əhatə edən Dövlət Bayrağı Meydanının əhəmiyyətindən danışan dövlətimizin başçısı dedi ki, dünyanın ən hündür bayraq dirəyi bu gün paytaxtın bütün nöqtələrindən görünür və gələcəkdə meydanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılacaqdır.

Azərbaycanın istənilən memarlıq nümunəsini yaratmağa imkanı olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, onun Sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcəkdir.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin milli dövlətçiliyimizin qorunmasındakı xidmətlərini xatırlatdı və ulu öndərin üçrəngli bayrağımıza verdiyi dəyərdən danışdı.

Bu gün müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini, mühüm nailiyyətlər qazandığını deyən Prezident İlham Əliyev bildirdi ki, ölkədə icra olunan nəhəng layihələr ölkəmizin beynəlxalq aləmdə özünə layiq yer tutmasına geniş imkanlar açmışdır.

Azərbaycanın beynəlxalq aləmdə yüksək imicə malik ölkəyə çevrildiyini qeyd edən dövlətimizin başçısı əsas məqsədin respublikamızın daha da güclənməsinə, xalqımızın daha yaxşı yaşamasına yönəldiyini vurğuladı.

Azərbaycanın dünya birliyi üçün etibarlı tərəfdaşa çevrildiyini bildirən Prezident İlham Əliyev qazanılan nailiyyətlər əsasında gələcəkdə yeni layihələrin icra olunacağını, ölkəmizin heç bir xarici yardımdan asılı olmadığını və təhlükəsizliyini təmin etdiyini diqqətə çatdırdı.

Ölkəmizin gözəl təbiətə malik olduğunu qeyd edən dövlətimizin başçısı bildirdi ki, təbii ehtiyatlarımız gücümüzü daha da artırır. Prezident İlham Əliyev bir neçə ildən sonra Azərbaycanın beynəlxalq donor ölkəyə çevriləcəyini və bununla bağlı artıq konkret işlər görüldüyünü söylədi.

Dövlətimizin başçısı dedi ki, regionda gedən proseslərdə Azərbaycan fəal, bəzi hallarda isə həlledici rol oynayır. Müstəqilliyin xalqımızın ən böyük sərvəti olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz olduğunu xüsusi vurğuladı.

Azərbaycan xalqının öz taleyinin sahibi olduğunu vurğulayan Prezident İlham Əliyev dedi ki, ölkəmizdə milli həmrəylik və vətənpərvərlik ruhu yüksək səviyyədədir.
Müstəqil ölkəmizin həyatında bu gün unudulmaz tarixi hadisənin baş verdiyini qeyd edən Azərbaycan Prezidenti dövlət bayrağının məna və mahiyyətinin yüksək tutulmasının əhəmiyyətini bir daha vurğuladı.

Sonra dövlət bayrağı Azərbaycan əsgərlərinin çiyinlərində meydana gətirildi.

Prezident İlham Əliyev bayrağın ilgəyini qarmağa keçirdi. Xüsusi qurğu dövlət bayrağını aramla səmaya - dirəyin zirvəsinə qaldırmağa başladı.
Azərbaycan Respublikasının dövlət bayrağının xalqımızın milli həmrəyliyinin yaradılması və möhkəmləndirilməsindəki rolundan, Dövlət Bayrağı Meydanının tikintisindən bəhs edən film nümayiş olundu.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. İndən belə hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır.
2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdur. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.

Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirmişdir. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılmışdır. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçirmişlər.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.

Dövlətimizin başçısı İlham Əliyev bayrağı açdı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Toplardan yaylım atəşi açıldı.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Dövlət Bayrağı Meydanından keçdi.

Daha sonra dövlət bayrağının ucaldılması şərəfinə Bakı səmasında möhtəşəm lazer-şou nümayiş olundu.

Təntənəli mərasim atəşfəşanlıqla başa çatdı.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!