Analitika və müsahibə » Yaxın Şərqdə gərginlik artır

Livan-İsrail sərhədində gərginlik artıb, ABŞ isə İrana hücum üçün yəhudi dövlətinə 1 milyon ton aviasiya yanacağı satıb

Yaxın Şərqdə böyük müharibə təhlükəsi artmaqdadır. Bu müharibəyə təkcə İsrail və İran deyil, Livan, Suriya və bəzi ərəb ölkələri, o cümlədən “Hizbullah” və “Həmas” qruplaşmaları cəlb oluna bilər. Xarici KİV-lərin məlumatlarına görə, son günlər Livan-İsrail sərhədində gərginlik artmaqdadır.

Gərginliyə səbəb İsraillə sərhəddə yerləşən Livan ordusu hissələrinin “Hizbullah”ın tabeçiliyinə keçməsi barədə xəbərlərdir. İsrail kəşfiyyatının məlumatlarına görə, “Hizbullah” Livan ordusunu öz nəzarəti altına alır və İran bu qruplaşmanın silahla təminatını gücləndirib. Eyni zamanda İran Livan ordusuna da hərbi yardıma başlayıb. Livan prezidenti Mişel Süleyman İrandan rəsmən xahiş edib ki, bu ölkənin ordusuna yardım göstərsin. O, yardım zərurətini Livan-İsrail sərhədində gərginliyin artması ilə izah edib. Rəsmi Tehran isə belə köməyə hazır olduğunu bildirir.
Xəbərlərə görə, dünən Livan səmalarında İsrailin kəşfiyyat aparan hava şarları qeydə alınıb. İsrailin Livanla sərhəddə qoşun cəmləşdirdiyi də bildirilir. Regionda yaranmış vəziyyəti təhlil edən ekspertlərə görə, “Hizbullah”la İsrail arasında yeni müharibə qaçılmazdır və bu müharibəyə Livan ordusu da cəlb olunacaq. İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlaşdığı barədə də xəbərlər səngimir. Son məlumata görə, yəhudi dövləti ABŞ-dan JP-8 markalı 1 milyon ton aviasiya yanacağı alıb. Bu həə yanacağın alınması belə təxminlərə səbəb olub ki, İsrail payızda İrana qarşı hava hücumlarına başlayacaq. Çünki bu yanacaq 38 dərəcədə qaynayır və yay mövsümündə onu uzun müddət saxlamaq mümkün deyil. Yanacağın maksimal istifadə müddəti 8-10 aydır, ancaq İsraildə iqlim şəraitini nəzərə alaraq onu ən çoxu 3 ay saxlamaq olar.
İran da müharibəyə hazırlaşır və öz hərbi potensialını gücləndirir. Müdafiə naziri Əhməd Vahidi İran hərbi sənayesinin daha bir nailiyyəti haqda açıqlama verib. O deyib ki, hərbi sənaye 42 kilometr məsafədə hədəfi vura bilən 130 millimetrlik artilleriya mərmilərinin istehsalına başlayıb. Bu məsafə artilleriya mərmiləri üçün rekorddur. Vahidinin dediyinə görə, yeni mərmilər düşmən hədəflərinə uzaq məsafədən artilleriya zərbələri endirməyə imkan verəcək. O, mərmilərin ballistik raket kimi hərəkət etdiyini deyib./Yeni Musavat/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!