Orta şərq » İranın vitse-prezidenti "soyqırım"la bağlı açıqlama verdi

Həmid Baqai "erməni soyqırımı" ilə bağlı sözlərinin təhrif olunduğunu bildirib

İranın vitse-prezidenti Həmid Baqai barəsində qondarma erməni soyqırımını tanımasına dair yayılan xəbərləri təkzib edib və Türkiyə dövlətinə hörmətlə yanaşdığını bildirib.

ANS-“Anatolia news agency”nin məlumatına görə, Baqai sözlərinin kütləvi informasiya vasitələri tərəfindən təhrif olunduğunu bildirib. 

“Mən bəzi KİV-lərin çıxışıma etdikləri əlavəni təkzib edirəm. Mən Türkiyə və Ermənistan arasında baş verənlərə qiymət verməmişəm. Mənim çıxış etdiyim konfrans İkinci Dünya Müharibəsinə həsr olunmuşdu. Bəzi media nümayəndələri çıxışıma əsasən öz təhlillərini aparıblar, lakin mən belə söz deməmişəm”, - deyə Baqai vurğulayıb.

Bununla yanaşı o bildirib ki, Türkiyə ilə İran arasında əməkdaşlıq artmaqda və möhkəmlənməkdə davam edir: “Ölkələrimiz arasında strateji və stabil münasibətlər var. Biz regionun mühüm dövlətlərindən biri olan Türkiyəyə hörmətlə yanaşırıq”.

Ötən həftə Ermənistan informasiya vasitələri İran İslam Respublikasının vitse-prezidenti Həmid Baqainin Tehranda keçirilən “İran: Qələbə körpüsü” adlı konfransda qəribə bəyanatla çıxış etdiyi barədə məlumat yaymışdı. Məlumatlarda vitse-prezidentin öz sözləri ilə qondarma erməni soyqırımını tanıdığı bildirilirdi.

Belə ki, KİV iddia edirdi ki, Həmid Baqai çıxışı zamanı “100 il bundan öncə, 1915-ci ildə Osmanlı imperiyası ermənilərə qarşı "soyqırım" törədib. Hazırda Osmanlı imperiyasının mövcud olmamasına baxmayaraq, Ermənistan hökuməti Türkiyədən törətdiyi əmələ görə rəsmi üzr istəməsini və kompensasiya ödəməsini tələb edir”, - deyə söyləyib.

Bunun ardınca isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, İran prezidentinin müavini Həmid Baqainin qondarma erməni soyqırımı ilə əlaqədar açıqlaması ilə bağlı İrandan açıqlama istəyib. İran xarici işlər naziri Manuçöhr Mottaki isə cavabında İranın bu məsələ ilə bağlı mövqeyində heç bir dəyişiklik olmadığını bildirib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!