Analitika və müsahibə » Kreml Bakını təhdid edir
Moskva, Kreml

Ekspertlərin fikrincə, Lavrovun açıqlamaları həm də erməniləri arxayınlaşdırmaq cəhdidir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Realpolitik” proqramının efirində S-300 zenit-raket kompleksinin müdafiə xarakterli silah olduğunu və stabil vəziyyəti pozmaq üçün nəzərdə tutulmadığını bəyan edib. O, qeyd edib ki, S-300 ərazilərin raket hücumlarından qorunması üçün nəzərdə tutulub. Lavrov Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən bəyan edib ki, müharibənin başlamayacağına əmindir. Müharibə fəlakətə səbəb ola bilər.

“Təcavüzkar isə bütün hallarda öz məqsədinə çatmayacaq. Biz 2008-ci ilin avqustunda buna əmin olduq. O zaman sizin qonşunuz cənab Saakaşvili beynəlxalq hüquq baxımından məqbul olmayan metodlarla Cənubi Osetiya problemini nizamlamaq istəyirdi. Mən 100 faiz əminəm ki, Ermənistan və Azərbaycan arasında belə cəhd olmayacaq, çünki mən prezident Medvedyevin Sərkisyan və Əliyevlə görüşlərində iştirak etmişəm. Hər üç prezidentin imzaladığı sənəddə güc tətbiqinin yolverilməz olduğu bildirilib ”. Hərbi ekspertlər S-300 zenit-raket kompleksinin əsasən müdafiə xarakterli olduğu haqda deyilənlərin həqiqiət olduğunu bildirirlər. Lavrovun bəyanatındakı siyasi xarakterli mesajlara gəlincə, politoloqlar hesab edir ki, burada Azərbaycanı Gürcüstan nümunəsi ilə təhdid etmə açıq görünür. Politoloq Rasim Musabəyov hesab edir ki, Lavrovun bəyanatı iki məqsədə nəzərdə tutulub. Birincisi, Rusiya xarici işlər nazirinin Gürcüstanı misal göstərməsi Azərbaycana “hərb variantına əl atarsansa Gürcüstanın başına gələnlər sənin başına gələr” tipli mesajdlr: “Bunu Azərbaycanı təhdid kimi qəbul etmək olar. İkincisi isə Azərbaycanın hərb variantına əl atacağından qorxuya düşən erməniləri arxayın etmək və sülhə sövq etmək məqsədi güdülə bilər”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri də hesab edir ki, Lavrovun açıqlaması iki məqsəd daşıyır. Birinci, Azərbaycana verilən S-300 raketlərinin “sığortalanması” və Azərbaycanın hərbi gücünün artmasından, müharibənin hər an başlanması ehtimalının olduğundan ciddi qorxuya düşmüş erməni ictimaiyyətini sakitləşdirməyə yönəlikdir. İkincisi isə deklarasiyasına atılmış imzaları xatırlatmaqla Rusiyanın Azərbaycanın müharibə etmək variantını qapatmaq cəhdidir.
N.Mirinin fikrincə, Lavrov Saakaşvilinin 2008-dəki aqibətini bizə nümunə seçməkdə də öz erməniliyini bir daha nümayiş etdirib: “Əvvəla, Azərbaycan Gürcüstan deyil. Rusiya-Ermənistan hərbi müqaviləsinə əlavə olunan protokola da Azərbaycanla Türkiyə arasında imzalanan strateji əməkdaşlıq sənədi ilə cavab verildi. Digər tərəfdən, Azərbaycanla münasibətlərin korlanması Rusiyanın dövlət maraqlarına uyğun deyil. Mövcud geosiyasi reallıqlar da sübut edir ki, Ermənistanın Rusiya üçün heç bir strateji önəmi yoxdur və yeni qurulan qlobal təhlükəsizlik sistemində də ruslara artıq yükdən başqa bir şey deyil. Lavrov bilməlidir ki, Rusiyanın diktə ilə danışmaq dövrü çoxdan keçib, olsa-olsa, Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi davrana bilər”. Ekspertin sözlərinə görə,  bütün hallarda Rusiya xarici işlər nazirinin sözügedən bəyanatı Azərbaycanı təhdid kimi dəyərləndirilməli və Azərbaycan Xarici İşlər Nazirliyindən “Azərbaycan öz torpaqlarını azad etmək hüququnu özündə saxlayır” kimi bir cavab bəyanatı səsləndirilsə, doğru olardı.

Etibar SEYİDAĞA  /Yeni Musavat/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!