Analitika və müsahibə » Medvedevin imzalayacağı "Anti-Azərbaycan" müqaviləsinin mətni açıqlandı

Sabah Rusiya prezidenti İrəvana gedir, Kreml ermənilərin təhlükəsizliyini rəsmən üzərinə götürür.

Rusiyanın Ermənistanla yeni hərbi müqavilə imzalamaq ərəfəsində olduğu bir vaxtda Bakıya səfər edən Türkiyə prezidenti Abdulla Gül azərbaycanlı həmkarı İlham Əliyevlə iki ölkə müttəfiqliyini gücləndirən yeni sənədə imza atıb. Rusiyanın Ermənistandakı hərbi bazasından istifadə müddətinin 49 il uzadılmasını nəzərdə tutan razılaşmanın əldə olunduğu açıqlanandan sonra Azərbaycanda Türkiyə ilə hərbi müttəfiqlik barədə rəsmi müqavilənin imzalanması məsələsi yenidən aktuallaşdı.

İctimai rəydə belə fikir hakimdir ki, Rusiyanın Ermənistanla hərbi müttəfiqliyi Azərbaycanın təhlükəsizlik maraqlarını birbaşa təhdid etdiyi üçün Türkiyə ilə hərbi müttəfiqliyi rəsmiləşdirməkdən başqa yol qalmır. Doğrudur, istər Türkiyə, istərsə də Azərbaycan hərbi sahədə mövcud olan münasibətləri hərbi müttəfiqlik şəklində müqavilə ilə rəsmiləşdirməyiblər. Türkiyənin Qars müqaviləsi əsasında Naxçıvan bölgəsinə dair hərbi öhdəlikləri var. Ancaq Azərbaycan NATO üzvü olan Türkiyə ilə rəsmən eyni təhlükəsizlik çətiri altında deyil. Bununla belə, Türkiyənin yarana biləcək mümkün təhlükələrə qarşı Azərbaycana hərbi köməyini təmin etmək üçün müəyyən formullar tapmaq olar. Belə formulların tapılması indi ona görə vacibdir ki, Rusiyanın Ermənistanla yeni hərbi anlaşmasından sonra Azərbaycanın regionda təkləndiyi barədə qənaətlər güclənməkdədir. Moskvadan açıq deyirlər ki, Ermənistanla yeni hərbi anlaşma Azərbaycanın Qarabağı qaytarmaq üçün hərbi əməliyyatlara başlamasını istisna etməyə yönəlib. Yəni Ermənistanda yeni anlaşma ilə statusu möhkəmlənəcək rus qoşunlarının Qarabağda mümkün müharibə zamanı Azərbaycana qarşı tətbiqi riski yaranır. Rəsmi Bakı isə hələlik bununla bağlı Moskvaya etiraz bildirməyə tələsmir, ancaq Medvedyevin İrəvana səfərindən cəmi iki gün əvvəl Abdulla Güllə imzalanan yeni müqavilə ilə müəyyən mesajlar verməyə çalışır.
Bu arada Kreml prezident Dmitri Medvedyevin İrəvana sabah səfər edəcəyini rəsmən təsdiqləyib və səfər proqramını açıqlayıb. Bildirilir ki, Medvedyev həmin gün İrəvanda erməni həmkarı Serj Sərkisyanla ikitərəfli danışıqlar aparacaq və bir sıra mühüm müqavilələr imzalayacaq. Ertəsi gün isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak edəcək. Ermənistandakı Rusiya bazasının istifadə müddətinin artırılmasına dair müqavilə də sabah imzalanacaq. Həmin müqavilənin tam mətni Rusiya hökumətinin rəsmi saytında yerləşdirilib. “Media forum” saytının məlumatına görə, sənəddə deyilir ki, tərəflər Rusiya hərbi bazasının Ermənistan Respublikasının ərazisində yerləşdirilməsi ilə bağlı 16 mart 1995-ci il tarixli müqaviləni rəhbər tutaraq, əvvəllər əldə olunmuş razılaşmaları nəzərə alaraq qərara gəlirlər:

  • Rusiya hərbi bazası tərəflərin uyğun razılaşmalarından irəli gələn vəzifələri yerinə yetirir;
  • Rusiya hərbi bazası Ermənistan Respublikasının ərazisində olduğu müddətdə Rusiya Federasiyasının maraqlarının müdafiəsindən başqa Ermənistan silahlı qüvvələri ilə birgə Ermənistan Respublikasının təhlükəsizliyini təmin edir;
  • Bu məqsədlər üçün Rusiya tərəfi Ermənistan Respublikasının müasir və uyğun silahlar, hərbi (xüsusi) texnika ilə təminatının gerçəkləşməsində yardımçı olur;
  • Rusiya hərbi bazası birləşmələrinin tətbiqi tərəflərin qarşılıqlı razılaşmaları, 15 may 1992-ci il tarixli Kollektiv Təhlükəsizlik Müqaviləsi, Rusiya Federasiyası və Ermənistan arasında 24 avqust 1997-ci il tarixli dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda müqaviləyə və tərəflərin qanunvericiliyinə əsaslanır;
  • Müqavilə 49 il müddətində qüvvədədir və tərəflərdən biri müqavilənin qüvvədən düşməsinə altı ay qalmış onun dayandırılması haqda yazılı müraciət etməzsə, avtomatik olaraq beş il müddətinə uzadılır;
  • Müqavilənin müddəalarına tərəflərdən birinin və ya hər ikisinin qarşılıqlı razılaşması ilə yenidən baxıla bilər;
  • Protokol ratifikasiya edilməlidir və ratifikasiya sənədlərinin dəyişdirilməsi günü qüvvəyə minir.

Medvedyev İrəvanda Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr də aparacaq. Lakin artıq bu müzakirələrdən nəsə gözləməyə dəyməz. Çünki Rusiyanın tam hərbi dəstəyinə dair təminat alan İrəvanın danışıqlarda hansısa konstruktivlik nümayiş etdirməsini gözləmək sadəlövhlük olardı. Ona görə də Rusiya prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında üçtərəfli formatda təşkil olunan danışıqların gələcəyi sual altında qalır. Medvedyev gələn ay Bakıya da səfər edəcək və yəqin ki, Bakını Rusiyanın Azərbaycanın strateji tərəfdaşı kimi qaldığına inandırmağa çalışacaq. Qərbdə isə Ermənistanla Rusiya arasında yeni hərbi sövdələşmə barədə fikirlər birmənalıdır. Hesab edilir ki, ABŞ və NATO Cənubi Qafqazda Rusiyaya uduzub və geri çəkilir. “Rusiya hərbi bazasının 2044-cü ilədək Ermənistanda qalmasını və modernləşdirilməsini nəzərdə tutan hərbi saziş Vaşinqton üçün böyük sürpriz deyil. Moskva Qərbin regionda zəif iştirakından istifadə edərək Cənubi Qafqazda və Şərqi Avropada öz mövqeyini möhkəmləndirir”. Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunun araşdırmalar üzrə direktoru Svante Kornell belə deyib. “Turan”a açıqlama verən Kornellin fikrincə, İrəvan xarici siyasət və təhlükəsizlik məsələlərində öz suverenliyinin bir hissəsini Moskvanın daimi dəstəyi ilə dəyişməyə razılıq verib. Ekspertin fikrincə, Moskvanın bu dəstəyi Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli perspektivlərini pozacaq, çünki Yerevanın təhlükəsizlik hissini möhkəmləndirir və müharibə başlayacağı halda Rusiyadan dəstəyə ümidini artırır. /Yeni Musavat/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!