Analitika və müsahibə » 2-ci Qarabağ müharibəsi üçün ən ideal vaxt indidir

Qarabağ məsələsi ilə bağlı aparılan danışıqların mənasızlığı vaxt keçdikcə daha geniş dairələrdə dərk edilir və problemin ədalətli həll yolunun savaşdan keçəcəyi etiraf olunur.

Torpaqları işğalda qalmasına baxmayaraq, danışıq yolundan imtina etməyən Azərbaycanın konstruktiv mövqeyinə rəğmən, Ermənistan rəhbərliyinin qeyri-konstruktivliyi savaş variantını qaçılmaz edir.

Bu mənada rəsmi Bakının Silahlı Qüvvələrin gücləndirilməsi istiqamətində daha ciddi addımlar atması başadüşüləndir. Xəbər verdiyimiz kimi, Azərbaycan hərbi hava qüvvələrini möhkəmləndirmək məqsədilə Çinlə Pakistanın birgə istehsalı olan 24 ədəd “JF-17 Thunder” qırıcı təyyarə almaq üçün önəmli bir sövdələşməyə imza atıb. “JF-17 Thunder”ləri “MİQ-29"larla müqayisə edən mütəxəssislər birincilərin göstəricilərinin daha keyfiyyətli olduğunu bildirirlər. Digər tərəfdən, hərbi sənaye kompleksi yaradan Azərbaycan artıq özünün zirehli maşınlarını və silahlarını da təqdim edib.
Ali Baş Komandan İlham Əliyevin son vaxtlar açıq şəkildə hərbi bəyanatlar səsləndirməsi də mövcud reallıqlardan irəli gəlir. Ölkə başçısının dediyi kimi, Qarabağ müharibəsinin ikinci mərhələsi başlayarsa, təbii ki, bu, təkcə bölgə dövlətləri üçün deyil, regionda maraqları olan güclər üçün də ciddi sınaq olacaq. Ancaq Azərbaycan xalqının və hakimiyyətinin yekdil mövqeyi bundan ibarətdir ki, Azərbaycan torpaqlarının itirilməsi ilə heç zaman razılaşmayacaq. Ölkə başçısının iki aydır meyiti belə erməni girovluğunda saxlanılan şəhid gizirimiz Mübariz İbrahimova milli qəhrəman adını verməsi də ermənilərə ciddi mesaj sayılmalıdır.
Digər tərəfdən, Ermənistanda ağır həyat tərzinin hökm sürdüyünü, erməni ordusundakı dərəbəyliyi, düşmən ordunun bir qrup əsgərinin canını qurtarmaq üçün Azərbaycana qaçmasını xatırladan ekspertlər düşmənə sarsıdıcı zərbə vurmağın əsl vaxtının olduğunu güman edir.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri də savaş vaxtının çatdığı qənaətindədir. O, Moskva ilə İrəvan arasındakı hərbi ittifaqı təhlükəli saymır: “Rusiya-Ermənistan hərbi müqaviləsinin zamanının artırılması ilə bağlı əlavə protokolun imzalanması əslində Ermənistan dövlətinin xeyrinə deyil. Bu protokol təhlükəsizlik baxımından Ermənistana qısamüddətli müəyyən çətir yaratsa da, siyasi-iqtisadi müstəqillik və gələcək perspektiv nöqteyi-nəzərdən inkişafın üstündən xətt çəkir. Bu, yaxın tarix üçün Sərkisyanın ən səhv qərarı olacaq və bunun məsuliyyətini daşımalı olacaq. Doğrudur, bu qərar Ermənistanın düşdüyü indiki ”xoşagəlməz" vəziyyətdə nisbətən əlini gücləndirəcək və ermənilər danışıqlarda daha barışmaz mövqe tutacaq. Bu isə müharibə riskini artıracaq. Çünki belə bir vəziyyətdə torpaqlarını azad etməkdə qərarlı olan Azərbaycana başqa seçim yeri qalmayacaq".
Ekspert Bakının müharibə bəyanatlarının sadəcə ictimai rəyə hesablandığını güman etmir: “Azərbaycan çox ciddi surətdə müharibəyə hazırlaşır. Ölkənin bütün poliqonlarında intensiv hərbi təlimlər keçirilir və müharibənin tələb etdiyi addımlar atılır. Bunu prosesin iştirakçısı olan dövlətlər də bilməmiş deyil. Cənubi Qafqaza olan səfərlərin artması və artacağı da məhz bunun nəticəsi kimi dəyərləndirilməlidir”. N.Miriyə görə, regionda müharibə təhlükəsi gözlənildiyindən də tez başlaya bilər: “Bu həftə xüsusilə kritik hesab oluna bilər. Belə ki, avqustun 21-də Rusiyanın İranın Buşəhr AES-ni işə salması gözlənilir. Əgər o günə qədər İrana İsrailin hərbi müdaxiləsi olmasa, bundan sonra bu nüvə obyektlərinin bombalanması çətinləşəcək. Çünki belə bir bombalanma bizim regionda ikinci Çernobıl faciəsinə gətirər ki, bunun da fakturasının kimə kəsilməsindən asılı olmayaraq, onsuz da kövrək olan geosiyasi vəziyyəti dramatikləşdirər və digər regionları da ağuşuna almaqla yeni müharibələrə yol aça bilər. Ona görə də bu gün Qarabağ münaqişəsinə həm də İran kontekstində yanaşmaq lazım gələcək. Reginda baş verən diplomatik trafikin bir səbəbi də məhz budur”.
Hərbi ekspert Üzeyir Cəfərova görə, torpaqları azad etmək üçün hər zaman uyğun vaxt hesab olunmalıdır: “Kimsə deyirsə ki, istidir, sərini gözləmək lazımdır, yaxud soyuqdur, havaların qızmasını gözləmək lazımdır, bu, düzgün yanaşma deyil. Şəxsən mən istəyirəm ki, torpaqlarımız tezliklə azad olunsun. Qarabağ müharibəsinin tarixinə ekskurs eləsək, bizdə ilin istənilən fəslində savaş olub. Elə avqust ayı bizim bir sıra rayonlarımızın işğal olunduğu aydır. Biz elə günü sabah döyüşə başlaya bilərik”. Ancaq ekspert Azərbaycanda savaş əhval-ruhiyyəsini hiss etmədiyini də vurğuladı: “Döyüşü təkcə ordu aparmır, millət aparır. Amma bu gün bizdə tamam fərqli situasiyadır. Xüsusilə də müharibə ilə bağlı o qədər də təbliğat aparılmır. Televiziyalarda çal-çağır baş alıb gedir, hərə öz işindədir. Lakin istək olan yerdə hər şey mümkündür”. Bununla belə, Ü.Cəfərov Azərbaycan və Ermənistan arasında müqayisə apararkən ölkəmizin üstünlüklərini sadaladı: “İnsani resurs baxımından Azərbaycan Ermənistandan qat-qat güclüdür. Həmçinin maddi imkanlarımız xeyli genişdir. Sadəcə, bu imkanlardan bəhrələnmək lazımdır. Amma indiki halda inanmıram ki, hərb qərarı verilsin. Hər halda, atılsa, düzgün qərar olar”.
Rusiya ilə Ermənistan arasında hərbi müqaviləyə gəldikdə, hərbi ekspert Moskvanın hegemon siyasətini yeritmək üçün hər şeydən yararlandığını qeyd etdi: “Hesab edirəm ki, bu da bizim üçün maneə olmamalıdır. Azərbaycan Türkiyədən möhkəm yapışmalıdır və Türkiyə ilə bütün münasibətlərdə tərəqqi yolunu tutmalıdır, xüsusən hərbi sahədə. Çünki bizim arxalanacağımız, bizə arxa-dayaq ola biləcək yeganə ölkə Türkiyədir və qardaş ölkənin potensialından kifayət qədər yararlanmalıyıq. Mən Türkiyə əsgərinin Azərbaycanda yerləşdirilməsini, yaxud Türkiyə bazasının Naxçıvan ərazisində yerləşdirilməsi təklifinə də normal yanaşıram. Bu, bizim suveren hüququmuzdur, bundan kifayət qədər bəhrələnə bilərik. Sadəcə istək olmalıdır”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev isə Azərbaycan ordusunun Cənubi Qafqazda ən güclü olduğunu xatırlatdı: “Azərbaycan ordusunun maddi texniki bazası və döyüş hazırlığı hamıya bəllidir. Elə bizim hərbçimiz Mübariz İbrahimovun timsalında ordumuzun nə vəziyyətdə olduğu göründü. Əgər Ali Baş Komandan, cənab prezident tərəfindən torpaqlarımızın müharibə yolu qaytarılması qərarı verilərsə, Azərbaycan ordusu hər an bu əmri icra etməyə hazırdır”. /Yeni Musavat/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!