Azərbaycan və MDB » Azərbaycan Çindən 24 döyüş təyyarəsi alır
JF-17 Thunder

Pakistanla birgə istehsal edilən “JF-17 Thunder”lərin biri 17 milyon dollardır

Azərbaycan öz hərbi-hava qüvvələrini gücləndirmək üçün önəmli sövdələşməyə imza atıb.  "Yeni Musavat"ın "KitaiRu.Net” agentliyinə istinadən məlumatına görə, Azərbaycan Çin və Pakistanın birgə istehsalı olan “JF-17 Thunder” döyüş təyyarələrinə bu yaxınlarda Farnboroda keçirilən avia-şou zamanı böyük maraq göstərib və bu təyyarələrin böyük partiyasını almaq üçün sifariş verib.

Xəbərdə bildirilir ki, Azərbaycan artıq 24 ədəd belə təyyarə almaq üçün sifarişini təyyarələri istehsal edən şirkətə təqdim edib. Təyyarələrin hər birinin qiyməti 17 milyon dollardır, müqavilənin ümumi məbləği isə 400 milyon dolları keçir.
Yüngül “JF-17 Thunder” qırıcıları biryerlidir və Çinin “Chengdu Aircraft Industry” korporasiyası tərəfindən Pakistanla birgə istehsal edilir. Pakistan 2007-ci ildə bu təyyarələri öz hərbi-hava qüvvələri üçün alıb, həmçinin onları öz ərazisində yığmağa başlayıb. Təyyarələri almaq üçün İran, Venesuela, Türkiyə və Misir də maraq göstərir.
“JF-17 Thunder” təyyarələrinin uzunluğu 14 metr, qanadlarının eni 8,5 metrdir, maksimal uçuş məsafəsi 3 min kilometrdir. Təyyarə Rusiya istehsalı olan mühərriklə təmin olunub, çünki Çin istehsalçıları hələ etibarlı təyyarə mühərrikləri istehsal edə bilmirlər. Təyyarənin döyüş qabiliyyətinə gəldikdə isə bu barədə deyilir ki, “JF-17 Thunder” düşmən radarlarından yayınmağa qadirdir, 6,529 kiloqram ağırlığında döyüş sursatı-orta mənzilli raketlər və lazerlə hədəfə yönləndirilən bombalar daşımağa qadirdir. Təyyarələrdə “hava-hava” və “hava-yer” tipli raketlər quraşdırılır. Həmçinin onun qanadlarının altında 23 və ya 30 millimetrlik avtomatik toplar yer alır.
Döyüş qabiliyyətinə görə bu təyyarələr Rusiya istehsalı olan “SU-31" təyyarələri və Fransa istehsalı olan ”Miraj" qırıcıları ilə müqayisə olunur. Lakin Çin onları modernləşdirərək 5-ci nəsil qırıcılara çevirmək üçün çalışır.
Qeyd edək ki, Azərbaycanın təyyarələri nə zaman əldə edəcəyi məlum deyil. Ancaq ölkəmizin hərbi-hava qüvvələrinə 24 ədəd yeni qırıcının daxil olması Azərbaycan ordusunun Ermənistan qarşısında hərbi üstünlüyünü təmin etmək üçün yeni imkanlar açacaq. Xüsusən ona görə ki, Ermənistanın hərbi-hava qüvvələri zəifdir və əsasən Rusiya istehsalı olan köhnə təyyarələrdən ibarətdir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!