Dünyada » Oğuzda ziyarəgah darmadağın edilib

Oğuz rayonu Qrabaldır kənd sakinləri imkanlı iş adamı Şamil Şumilovun əsrinə çevrildiklərini bildiriblər. Şikayətçilərin sözlərinə görə iş adamı, “Şıxmazar baba» ziyarətgahını dağıldıb və kənddə məxsus 125 hektar torpaq sahəsini zəbt edib. Bununla kifayətlənməyən Ş. Şumilov kəndi dərinliyi 3 metr, eni 6 metr uzunluğu 1200 metr olan səngərlə əhatəyə alıb. Şikayəti araşdırmaq məqsədilə Oğuz rayonunda olduq

Başıbəlalı quşçuluq fabriki

113 təsərrüfatdan, 520 sakindən ibarət olan Qarabaldır kəndi Qəbələ - Oğuz şosesindən 3 kilometr aralıda yerləşir. SSRİ dönəmində kəndin ərazisində kolxoz və quşçuluq fabriki fəaliyyət göstərib. Aqrar islahat zamanı kolxoz ləğv edilib. Kolxozun əmlakı və torpaq sahələri kənd sakinlərinə verilib. Lakin nədənsə keçən əsrin 70-ci illərində Qarabaldır kəndinin 125 hektar torpaq sahəsində yaradılan quşçuluq fabrikinin ərazisi qanuni sahiblərinə qaytarılmayıb. Bu səbəbdən torpaq islahatı zamanı adambaşına 62 sot torpaq sahəsi düşüb. Kənd sakinlərinin baş ağrısına çevrilən fabrik Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin balansına, torpaq sahələri isə Dövlət Torpaq Fonduna verilib. Fabrik orada çalışan şəxslərdən xəbərsiz özəlləşdirməyə çıxarılıb və Şamil Şumilov adlı iş adamı tərəfindən özəlləşdirilib. Maraqlı məqam isə fabriklə bərabər Dövlət Torpaq Fonduna məxsus 125 hektar əkinə yararlı ərazinin də Ş. Şumilovun sərəncamına verilməsidir. Ş. Şumilov mövcud qanunçuluğa məhəl qoymadan fabriki təyinatı üzrə fəaliyyətini təşkil etməyib. Fabrikin binalarının əksəriyyəti sökülərək satılıb, bir hissəsi isə mebel sexi kimi istifadə edib. Ş. Şumilov fabrikin əmlakını dağıtmaqla kifayətlənməyib. O eyni zamanda özünə aid olmayan 9 hektar meşə ərazisi, “Çıxmazar Baba” ziyarətgahı da daxil olmaqla böyük bir sahənin ətrafına 3 metr dərinliyi, 6 metr eni 1200 metrdən çox uzunluğu olan “səngər” qazdırıb. Ziyarətgahın ərazisində olan yüzillik ağaclar qırılaraq mebel düzəldilib. Səngərin qazılması və ziyarətgahın dağıdılması isə yerli sakinlərin qəzəbinə səbəb olub.

“Kəndimiz bataqlığa çevriləcək ”

Bizi qarşılayan kənd sakinləri “Şıxmazar Baba” ziyarətgahına və qazılan “səngərlərə” baxmağımızı təklif etdilər. Kənddə bitişik fabrikin ətrafına dərin kanalın qazıldığının şahidi olduq. Ziyarətgahda olan yüzillik ağacların böyük bir qismi kəsilib. Kəsilmiş ağacların bəziləri ziyarətgahın ərazisində qalmışdı. İş adamı kəsdiyi ağacların köklərini də traktorlar vasitəsi ilə qazıyıb çıxarıb. Kənd sakini Sabir Seyidov ziyarətgahın dağıdılması və kanalların qazılmasını qəbul etmədiklərini bildirdi: “Şıxmazar ziyarətgahının fabrikin ərazisinə aidiyyatı yoxdur. Sovet dövründə meşələri qırıb əkin sahələri edəndə ziyarətgahlar dağıdılmayıb. Kənd camaatı da ziyarətgaha toxunmayıb. 2-ci dünya müharibəsi zamanı əhali soyuqdan qırılıb, amma ziyarətgahdan bir çöp belə qırmayıblar». Sabir müəllim kanalların kənddə ciddi zərər verdiyini bildirdi: “Əgər kanallar şirə çəkən kanaldırsa səkilərə nə ehtiyac var? Bu kanallar balıqcılıq məqsədi ilə çəkilib. Kəndə gələn su bu kanallara axacaq. Kənd arxına gələn su buxarlamaya gedəcək biz susuz qalacağıq. Suyumuzu kəsirlər, etiraz edirik. Bizə deyirlər ki, əraziyə niyə gəlmisiz? 113 təsərrüfatın bir su mənbəyi var. Bundan əlavə kəndin üstündə böyük gölün olması ərazinin bataqlığa çevrilməsinə səbəb olacaq. Torpaqlar Qarabaldır kəndinə məxsusdur. Prezidentin də fərmanı var ki, fəaliyyəti dayana müəssisələrin torpaqları əsl sahiblərinə qaytarılsın”.
Kənd sakini Söhbət Əliyev Ş. Şumilovun kəndi yer üzündən silməklə hədələdiyini bildirdi: “Əvvəllər fabrik yarananda burada kanal qazılmışdı. Lakin indi birinci qazılmış kanaldan 3 metr aralı ikinci kanal qazılıb. Məqsəd nədir, bilinmir. Şumilov acıq şəkildə deyir ki, Qarabaldırı yer üzündən silərəm. Həqiqətən belədir. Bu bizim tariximizi, inanc yerimizi dağıdırsa kəndi də yer üzündən silər ”.
Kənd ağsaqqalı 90 yaşlı Muxtar baba ziyarətgahda qəbirlərin üstünün torpaqla örtüldüyünü söylədi: “Mən uzun illər kənd sovetinin sədri işləmişəm. Fabrik mənim işlədiyim zaman inşa edilib. O zaman ruslar ərazini ölçürdü. Ziyarətgahdakı yüzillik ağacları görüb ərazinin nə olduğunu soruşdu. Ona ziyarətgah haqda məlumat verdik. Rus rusluğu ilə ziyarətgahı fabrikin ərazisinə salınıb dağıdılmasına icazə vermədi. İndi ziyarətgahımızı dağıdırlar. Ağacları kəsirlər. 1953-cü ildə ziyarətdə olan məzarın baş daşını oğurladılar. İndi də məzarın üstünü torpaqla örtüblər. Ziyarətə gələn yolu bağlayıb, ətrafına kanal qazıblar. Yaşlı adamlarıq ziyarətə gələndə kanalın üstünə qoyulan hündür keçiddən keçməli oluruq”.

Kənd ağsaqqalı Bəxtiyar dayı Ş. Şumilovun milli ayrı seçkilik saldığını söylədi: “Yoxlama gəldi bizim haqlı olduğumuz sübut olundu. Şumilov isə Bakıda bəyan etdi ki guya biz yəhudiləri qovuruq. Bu ağ yalandır. Bu adam öz məqsədləri üçün bizə çirkab atır. Rayonda yəhudilərin 2 sinaqoqu var. Oğuzun ən varlı adamı elə Şumilovun özüdür. Necə ola bilər ki, biz yəhudilərə qarşı cıxırıq? Mən onun qarşısını kəsib ziyarətgahın yolunun açılmasını tələb etdim. Ona dedim ki: “Sənin atan bir ayağında carıq, o birində qaloş araba ilə kəndlərə çörək daşıyıb, zəhmətlə səni böyüdüb. Əziyyət çəkən, alın təri ilə ailəsini dolandıran kişinin oğlu ziyarət dağıltmaz”. Dediklərim özümə qaldı”.

Baş naziri icra olunmayan sərəncamı

Rayonda olarkən onu da öyrəndik ki, Oğuz - Qəbələ - Bakı su xəttinin keçdiyi ərazilərdə əhaliyə məxsus torpaqlar başqa yerlərlə əvəz edilir. Rayonun Qumlaq, Şirvanlı və Tayıflı kəndlərində 172 təsərrüfatının torpaq sahəsi kanalın altına düşüb. Baş nazir Artur Rasızadənin 14 avqust 2009-cu il tarixli 211 saylı sərəncamına əsasən Quşçuluq Fabrikinin ərazisində olan Dövlət Torpaq Fonduna məxsus 56 hektar torpaq sahəsi su kəmərinin altında qalan torpaqların əvəzinə əhaliyə verilməlidir. Lakin Ş. Şumilov baş nazirin sərəncamının icrasına imkan verməyib. Qumlaq, Şirvanlı və Tayıflı kənd sakinlərinin bizə verdiyi məlumata görə ötən ilin iyul ayında Dövlət Torpaq Komitəsinin əməkdaşları onlar üçün ayrılmış əraziləri təhvil vermək istəyib: “Yer Quruluşu İdarəsinin əməkdaşları bizə verilən torpaq sahələrini təhvil vermək üçün kəndimizə gəldilər. Lakin Şumilov 3 gün ərzində dövlət nümayəndələrini əraziyə buraxmadı. İndi əlimizdə torpağa mülkiyyət haqda dövlət şəhadətnamələri var. Lakin torpağımızdan istifadə edə bilmirik”.
Kənd sakini Qətibə Abbasova ailə başçısını itirdiyini bildirdi: “Ailəmi təkbaşına dolandırıram. Torpaq əkməklə yaşayırıq. Indi mənim sahəm su xəttinin altına düşüb. Mənə Qarabaldır kəndindən yer verilib. Lakin oranı zəbt edən adam bizi torpağımıza buraxmır. 1 ildir kənddə yaşaya - yaşaya torpaqsız çörəksiz qalmışıq”.

“Torpağımıza toxunmasınlar! ”

Şirvanlı kəndinin ağsaqqalı 85 yaşlı İsfəndiyar dayı torpaqlarının su xəttinə görə əllərindən alınmasına razı olmadıqlarını söylədi: “Kəndimizin 250 hektar əkin sahəsi var. İndi deyirlər buradan su xətti keçəcək, artezianlar qazılacaq. Bizə isə Qrabaldır kəndindən yer veriləcək. Bizim torpağımıza toxunmasınlar! Kənd camaatının Qrabaldırda yer əkməyə imkanı olmayacaq. Torpağımızı əlimizdən alırlarsa, alnımıza da bir güllə vursunlar. Ya da bizi aparıb başqa dövlətə versinlər. Əhalinin güzəranı çox pisdir. Bir komissiya ayırsınlar, qapı - qapı gəzsin görək, bu xalq necə dolanır. Kənddə zavod acmaq əvəzinə torpağımızı əlimizdən alırlar. Cavanlar gün axşama kimi avara qalıb. İş yeri yoxdur ki, işləsinlər. Çayxanaya verməyə pulları yoxdur. Mənim 3 nəvəm var, üçü də işsiz”.
Oğuzda olarkən rayon rəhbərliyi görüşüb məsələyə aydınlıq gətirə bilmədik. İş adamı Şamil Şumilovun isə rayonda olmadığını bildirdilər. Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq. Bizimyol.az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!