Orta şərq » Tehran nüvə proqramı ilə bağlı Ankaranın aktiv müzakirələrini dəstəkləyir - XİN sözçüsü

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun fevralın 16-da Tehrana edəcəyi səfər haqqında Trend News-a bildirib

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun fevralın 16-da Tehrana edəcəyi səfər haqqında Trend News-a bildirib ki,

İran və Türkiyə arasında çox yaxşı münasibətlər var. "Bu baxımdan iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında davamlı müzakirələr aparılır", - Mehmanpərəst fevralın 12-də telefonla Tehrandan bildirib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu fevralın 16-da İrana səfər edəcək. Məlumatı İran televiziyasının rəsmi xəbər saytı "iribnews" yayıb. Məlumata əsasən, Türkiyənin xarici işlər naziri səfər zamanı İran Prezidenti Mahmud Əhmədinejad və iranlı həmkarı Mənuçöhr Müttəki ilə danışıqlar aparacaq. Türkiyəli nazirin qarşıda duran səfərinin İranın sahib olduğu 20 faizə qədər uranın zənginləşdirilməsi prosesinə başlamaq fonunda keçirilməsi ehtimal olunur. Türkiyəli nazirin sözlərinə görə, Türkiyə İranın nüvə proqramına dair diplomatik danışıqları davam etdirmək üçün bütün imkanları və qapıları açıb.

Mehmanpərəstin sözlərinə görə, İran öz "sülhyönlü" nüvə proqramı ilə bağlı mövqeyini şəffaf və aydın şəkildə dünyanın bütün ölkələrində baş tutan ikitərəfli görüşlərdə və ya beynəlxalq iclaslarda açıqlayıb və açıqlayır. "Biz Türkiyə kimi dost ölkələrin İranın "sülhyönlü" nüvə proqramı ilə bağlı digər ölkələrlə daışıqlar aparmasını və İranın nüvə proqramının sülhyönlü olmasını onlara başa salmasını dəstəkləyirik", - İran XİN rəsmisi bildirib.

Mehmanpərəst əlavə edib ki, Davudoğlunun səfərində həmçinin regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Lakin o, konkret şəkildə hansı məsələlərin müzakirəsi barədə məlumat verməyib.

Onun sözlərinə görə, İran və Türkiyə istənilən fürsətdən istifadə edərək, iki ölkənin daxili məsələri, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparmaq üçün danışıqlar aparır. Mehmanpərəst əlavə edib ki, bu səfər də həmin danışıqların fondunda keçirilir.

İran Prezidenti Mahmud Əhmədinejad ölkədə birinci 20 faizlik uran paketinin istehsalının həyata keçməsi barədə məlumat verib. "Qərbdən 20 faizə kimi zənginləşdirilmiş uranın bizə verilməsini xahiş etmişdik, lakin onlar bundan imtina etdilər və biz özümüz zənginləşdirməyə başladıq və artıq 20 faizlik uranın ilk partiyasını zənginləşdirmişik", - Əhmədinejad Tehranda İran İslam İnqilabının 31-ci ildönümünün qeyd olunması ilə əlaqədar keçirilən mitinqdə bildirib.

Bundan əvvəl, Türkiyə dəfələrlə İranın nüvə proqramı ilə bağlı vasitəçiliyə hazır olduğunu bildirib.

ABŞ və Qərb İranı nüvə silahı yaratmaq niyyətində olmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsini nüvə elektrik stansiyalarının yanacağının təmini üçün olduğunu bildirib. 2006-cı ildə İranın nüvə dosyası MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və bu Şura İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin 3-də İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunması öz əksini tapıb.

/Trend News/

/AzeriMuslims/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!